Bakıda “PATA Hosted Buyers Summit Baku 2026” tədbiri keçirilir

Bakıda “PATA Hosted Buyers Summit Baku 2026” tədbiri keçirilir

Oktyabrın 29-da Bakıda “PATA Hosted Buyers Summit Baku 2026” tədbiri keçirilir. Sammit çərçivəsində Asiyanın əsas turizm bazarlarını təmsil edən şirkətlərlə Azərbaycanın turizm sənayesi nümayəndələri arasında işgüzar görüşlər təşkil olunur.

SİA xəbər verir ki, tədbir Dövlət Turizm Agentliyi, tabeliyindəki Azərbaycan Turizm Bürosu (ATB) və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə keçirilir. Sammitin əsas məqsədi Azərbaycanla Asiyanın əsas turizm bazarları arasında əlaqələri genişləndirmək və ölkənin turizm imkanlarını beynəlxalq səyahət peşəkarlarına tanıtmaqdır.

Tədbirdə Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Cənubi Koreyadan 50 turizm peşəkarının iştirakı ilə yerli turizm şirkətləri arasında B2B görüşlər keçirilir. Görüşlərdə əməkdaşlıq imkanlarının müzakirəsi, yeni işgüzar əlaqələrin qurulması və Azərbaycan turizm məhsullarının xarici bazarlarda təşviqi nəzərdə tutulur.

Sammit oktyabrın 24-dən 30-dək təşkil olunan tanışlıq səfərinin proqramına daxildir. Səfər çərçivəsində iştirakçılar Bakı, Şamaxı, Qəbələ, Şəki və Qax şəhər və rayonlarında olaraq Azərbaycanın tarixi-mədəni irsi, təbii sərvətləri, qonaqpərvərlik ənənələri və turizm infrastrukturu ilə tanış olurlar.

Proqram çərçivəsində Azərbaycanın İpək Yolu irsi, dağ və təbiət turizmi, işgüzar (MICE) turizm, “Umrah Plus” proqramları və fərdiləşdirilmiş səyahət imkanları təqdim edilir. Eyni zamanda, Azərbaycanın qonşu ölkələrlə birgə çoxölkəli Qafqaz turizm marşrutlarına daxil edilməsi imkanları müzakirə olunur.

“PATA Hosted Buyers Summit Baku 2026” yerli turizm şirkətlərinin Asiya bazarlarının nümayəndələri ilə birbaşa əlaqələr qurmasına, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və Azərbaycanın turizm potensialının dünya miqyasında tanıdılmasına töhfə verəcək.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə