“Dövlət kənd təsərrüfatına 1,5 milyard manata yaxın dəstək göstərir“ -AZƏR ƏMİRASLANOV

“Dövlət kənd təsərrüfatına 1,5 milyard manata yaxın dəstək göstərir“ -AZƏR ƏMİRASLANOV

Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi genişmiqyaslı proqramlar çərçivəsində davam etdirilir. Aqrar sahəyə göstərilən birbaşa və dolayı dəstəyin ümumi həcmi 1,5 milyard manata yaxındır. Bu siyasət fermerlərin və kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılmasına yönəlib.

SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklər müzakirə edilərkən kənd təsərrüfatına vergilərin tətbiqi məsələsinə deputatlar tərəfindən xüsusi həssaslıqla yanaşılıb. Uzun illər ərzində fermerlərin torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi dövlətin aqrar siyasətinin əsas istiqamətlərindən biri olub.

Onun sözlərinə görə, təklif olunan dəyişikliklər dövlətin fermerlərə münasibətinin dəyişməsi kimi qiymətləndirilməməlidir. Hazırda da kənd təsərrüfatına genişmiqyaslı dəstək proqramları həyata keçirilir.

Azər Əmiraslanov diqqətə çatdırıb ki, kənd təsərrüfatı üzrə vergi güzəştlərinin məbləği 580 milyon manat təşkil edir. Eyni zamanda, suvarma suyunun maya dəyərindən təxminən 30 dəfə aşağı tariflə təqdim edilməsi nəticəsində dövlət bu istiqamətə 300 milyon manata yaxın dəstək ayırır.

O qeyd edib ki, kənd təsərrüfatı üzrə gözlənilən vergi daxilolmaları cəmi 12-13 milyon manatdır. Bu məbləğ mövcud vergi güzəştlərinin təxminən 2 faizini təşkil edir. Deputat vurğulayıb ki, bu yanaşma fermerlər hesabına büdcə daxilolmalarının artırılması məqsədi daşımır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə