Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERT AÇIQLADI
Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətində qalırlar. Xüsusilə, kirayəçinin məhkəmə qərarı olmadan evdən çıxarılması, qıfılların dəyişdirilməsi və şəxsi əşyalarının mənzildən çıxarılması kimi addımlar hüquqi mübahisələrə səbəb ola bilər.
Bəs, kirayəçi evi könüllü şəkildə boşaltmaqdan imtina edərsə, ev sahibi hansı hüquqi addımları ata bilər? Belə vəziyyətdə məhkəməyə müraciət hansı qaydada həyata keçirilir və mülkiyyətçi kirayəçinin qanunsuz şəkildə mənzildə qalmasının qarşısını necə ala bilər?
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli SİA-ya açıqlamasında bildirib ki, kirayəçinin mənzili könüllü şəkildə boşaltmaqdan imtina etməsi ev sahibinin mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratsa da, bu vəziyyət ev sahibinə özbaşına hərəkət etmək hüququ vermir.
"Azərbaycan qanunvericiliyinə əsasən, ilk növbədə kirayə müqaviləsinin şərtləri, qüvvədə olma müddəti və ona xitam verilməsi üçün hüquqi əsaslar müəyyən edilməlidir. Müqaviləyə qanuni qaydada xitam verildikdən sonra kirayəçiyə mənzili boşaltması ilə bağlı rəsmi bildiriş təqdim olunmalıdır. Əgər kirayəçi buna baxmayaraq mənzili tərk etmirsə, ev sahibi məhkəməyə müraciət edərək onun mənzildən çıxarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34-cü maddəsinə əsasən, müvafiq hüquqi əsaslar mövcud olduqda və şəxs mənzili könüllü boşaltmadıqda, çıxarılma məhkəmə qərarı əsasında həyata keçirilir.
Burada xüsusilə vurğulanmalı məqam ondan ibarətdir ki, ev sahibi qapının kilidini dəyişmək, kirayəçinin əşyalarını mənzildən çıxarmaq, kommunal xidmətləri dayandırmaq və ya digər özbaşına üsullarla onu evdən uzaqlaşdırmaq yoluna getməməlidir. Məcburi çıxarılma qanuni icra proseduru çərçivəsində həyata keçirilməlidir.
Nəticə etibarilə, mülkiyyət hüququ ev sahibinə mənzil üzərində sərəncam vermək imkanı yaradır, lakin bu hüququn həyata keçirilməsi qanunçuluq və məhkəmə müdafiəsi prinsiplərinə uyğun olmalıdır. Ən düzgün yanaşma emosional və inzibati təzyiq deyil, müqavilə öhdəliklərinə, hüquqi prosedurlara və məhkəmə müdafiəsinə əsaslanan addımlardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB