Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib
16 noyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Hospitalın müvafiq şöbələrinin əməkdaşlarının, məsul tibb bacıları və rezidentlərin iştirak etdiyi tədbirin əsas məqsədi fövqəladə kliniki hallara, xüsusilə pasiyentlərdə qəfil ürək və tənəffüs dayanması hallarına operativ və effektiv müdaxilənin təmin edilməsi, “Blue Code” sisteminin fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, şöbələrarası koordinasiyanın gücləndirilməsi və əməkdaşların bu istiqamətdə bilik və bacarıqlarının artırılması olub.
Tədbirin açılışında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edərək kliniki hallar zamanı operativ tibbi müdaxilənin, əməkdaşlar arasında düzgün koordinasiyanın və təcili yardım mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb. İsmayıl Əfəndiyev Blue Code sisteminin tətbiq və təkmilləşdirilməsinin Mərkəzi Gömrük Hospitalının pasiyent yönümlü fəaliyyətlərindən növbəti biri olaraq davamlı istifadə ediləcəyini qeyd edib.
Tədbir çərçivəsində Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardım həkimi Ceyhun Əliyev “Blue Code sisteminə ümumi yanaşma – prosesin ümumi menecmenti” mövzusunda məruzə ilə çıxış edib. Məruzə zamanı “Blue Code” sisteminin mahiyyəti və fəaliyyət prinsipləri, fövqəladə kliniki halların müəyyənləşdirilməsi və idarə olunması, çağırış mexanizminin işə salınması, müdaxilə komandasının təşkili və hadisə yerinə operativ çatdırılması, eləcə də tibbi yardım prosesinin mərhələləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, belə hallarda vaxt amilinin həlledici rolu, komanda üzvlərinin məsuliyyət bölgüsü və müdaxilənin vahid alqoritm əsasında həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri şöbəsinin rəisi Cəmilə İsmayılova “Blue Code sisteminin tətbiqində Xəstə Xidmətləri şöbəsinin üzləşdiyi problemlər” mövzusunda çıxış edib. Təqdimatda sistemin praktiki tətbiqi zamanı şöbənin qarşılaşdığı təşkilati çətinliklər, çağırışların qəbulu və ötürülməsi, müvafiq əməkdaşların vaxtında məlumatlandırılması, şöbələr arasında operativ əlaqənin təmin edilməsi kimi məsələlər diqqətə çatdırılıb. Mövcud çətinliklərin aradan qaldırılması, məlumat mübadiləsinin sürətləndirilməsi və prosesin daha səmərəli təşkili istiqamətində təkliflər irəli sürülüb.
Azərterminalkompleks Birliyinin Ərazi şöbələrinin fəaliyyətinin əlaqələndirilməsi idarəsinin baş inspektoru Kamran Mirzəyev “Blue Code sisteminin tətbiqi ilə bağlı İT çətinlikləri və həll yolları” mövzusunda məruzə təqdim edib. Çıxış zamanı sistemin texniki təminatı, informasiya texnologiyaları infrastrukturunun rolu, çağırışların ötürülməsi və müvafiq əməkdaşlara çatdırılması prosesində yarana biləcək texniki problemlər müzakirə olunub. Həmçinin sistemin fasiləsiz və etibarlı fəaliyyətinin təmin edilməsi, texniki nasazlıqlara operativ reaksiya verilməsi və mövcud İT imkanlarının təkmilləşdirilməsi ilə bağlı mümkün həll yolları diqqətə çatdırılıb.
Tədbirin yekun hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin elmi-təcrübi tədris mütəxəssisi Şəhla Mirzəzadə çıxış edərək “Blue Code” sisteminin Hospitaldaxili tətbiqinin genişləndirilməsi, əməkdaşların bilik və praktiki bacarıqlarının artırılması istiqamətində Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən həyata keçiriləcək tədbirlər barədə məlumat verib. O, bütün personalı əhatə etməklə “BLS – Təməl Həyata Dəstək” mövzusunda davamlı təlimlərin təşkil olunacağını, əməkdaşların ilkin reanimasiya tədbirləri üzrə praktiki hazırlığının gücləndiriləcəyini və sistemin idarə olunması, tətbiqi və təkmilləşdirilməsi istiqamətində müvafiq maarifləndirmə tədbirlərinin davam etdiriləcəyini bildirib. Qeyd olunub ki, bu təlimlər əməkdaşların fövqəladə hallarda düzgün qərarvermə, ilkin müdaxilə və komanda şəklində fəaliyyət göstərmə bacarıqlarının inkişafına töhfə verəcək.
Tədbir çərçivəsində “Blue Code” sisteminin daha səmərəli tətbiqi, fövqəladə kliniki hallarda müdaxilə prosesinin əlaqələndirilməsi, komandadaxili rol bölgüsünün təkmilləşdirilməsi və texniki məsələlərin həlli ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıların suallarının cavablandırılması və yekun müzakirələrlə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB