"Restoranlarda qiymətləri bazar şərtləri və müştəri tələbatı müəyyən edir" - İQTİSADÇI DANIŞDI

"Restoranlarda qiymətləri bazar şərtləri və müştəri tələbatı müəyyən edir" - İQTİSADÇI DANIŞDI

"Restoranların qiymətləri özləri tərəfindən müəyyən edilir və restoran qiymətləri üzərində heç bir nəzarət orqanı yoxdur və olmamalıdır. Çünki restoran inhisarçı qüvvə, metropoliten və ya yanacaqdoldurma stansiyası deyil ki, qiymətləri dövlət tərəfindən tənzimlənsin. Eyni zamanda, restoran ictimai nəqliyyat vasitəsi deyil və ya monopolist-inhisarçı subyekt hesab olunmur. Restoran qiymətləri özü müəyyənləşdirir".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, əgər bu qiymət müştərinin xoşuna gəlmirsə, o zaman müştəri həmin restorana getmir. Ən böyük cəza restoranın müştərilər tərəfindən boykot edilməsidir. Yəni restoranın fəaliyyətinə yalnız müştəri nəzarət edir:

"Dövlət isə restoranların fəaliyyətinə yalnız müəyyən tələblər çərçivəsində nəzarət edə bilər. İlk növbədə, məhsulların müvafiq standartlara uyğun və keyfiyyətli olması, restoranlarda hazırlanan yeməklərin zəhərlənməyə səbəb olmaması təmin edilməlidir. İkinci tələb isə menyuda göstərilən qiymətdən artıq pul tələb edilməməsi, yəni qiymətlərin menyuda qeyd olunduğu kimi tətbiq edilməsidir. Qanunvericilik bu cür tənzimləmələri həyata keçirir. Lakin, məsələn, kabab şişinin qiymətinin 12, 14 və ya 10 manat olması restoranın özünün daxili idarəetməsi tərəfindən müəyyən edilir və belə də olmalıdır. Çünki restoran insanın həyatını davam etdirməsi üçün zəruri və ya təxirəsalınmaz məhsulların satıldığı yer deyil. Əgər hər hansı restoranın qiyməti və ya xidməti müştərinin xoşuna gəlmirsə, müştəri həmin restoranı tərk edir. Bu sahədə kənar qiymət nəzarəti olmamalıdır. Restoran sahəsində qiymətləri bazar tənzimləyir.

Əgər hər hansı adi restoranda kabab şişinin qiyməti 25 və ya 250 manat müəyyənləşdirilərsə, böyük ehtimalla, həmin məhsul satılmayacaq. Lakin bəzi lüks restoranlarda və ya beşulduzlu otellərdə bu cür qiymətlərə rast gəlmək mümkündür. Çünki qiymətlər müəyyənləşdirilərkən əsasən rəqabət, qonşu restoranların qiymətləri və müştəri kütləsinin davranışı nəzərə alınır. İcarə xərcləri, məhsulların alış qiyməti və ya digər məsrəflər qiymət təyin edilməsində əsas rol oynamır. Əsas məsələ müştərinin həmin qiyməti ödəməyə hazır olub-olmamasıdır. Əgər müştəri təklif olunan qiyməti ödəməyə hazırdırsa, restoran daha yüksək qiymət tətbiq edə bilər və bu, bazar şərtlərinə tamamilə uyğundur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə