“Azərbaycanda 10 ayda 164 mindən çox şəxs işlə təmin edilib” - RƏŞAD MUSTAFAYEV

“Azərbaycanda 10 ayda 164 mindən çox şəxs işlə təmin edilib” - RƏŞAD MUSTAFAYEV

Azərbaycanda məşğulluq imkanlarının genişləndirilməsi, vətəndaşların peşə bacarıqlarının artırılması və özünüməşğulluğun təşviqi istiqamətində tədbirlər davam etdirilir.

SİA xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məşğulluq Forumunda çıxışı zamanı deyib.

Qeyd olunub ki, 2026-cı ilin ilk on ayında 164 mindən çox şəxs işlə təmin edilib. Eyni zamanda, 14 mindən çox vətəndaş peşə hazırlığına, 6 600-dən çox şəxs isə özünüməşğulluq proqramına cəlb olunub.

Bildirilib ki, ölkədə məşğulluq siyasətinin strateji əsasını 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təşkil edir. Cari ilin iyulunda təsdiq edilmiş 2026–2030-cu illər üzrə tədbirlər planı isə bu siyasətin növbəti mərhələsini müəyyənləşdirir.

İşsizlikdən Sığorta Fondu, DOST mərkəzləri, elektron xidmətlər, özünüməşğulluq proqramı və peşə hazırlığı mexanizmləri vətəndaşların əmək bazarına inteqrasiyasına dəstək verir.

Növbəti mərhələdə əsas diqqətin əldə olunan nəticələrin davamlılığına yönəldilməsi nəzərdə tutulur. Xüsusilə peşə hazırlığı keçən şəxslərin işlə təmin olunması və özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik bizneslərin fəaliyyətini davam etdirməsi prioritet istiqamətlərdəndir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə