“Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 86 faizi işlə təmin olunub“ - CAVİD QURBANOV

“Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 86 faizi işlə təmin olunub“ - CAVİD QURBANOV

İnformasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrların hazırlanması Azərbaycanın əmək bazarının müasir tələblərə uyğun inkişafında mühüm rol oynayır.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Milli Məşğulluq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, beynəlxalq tərəfdaşlıq əsasında fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzində yüzlərlə mütəxəssis hazırlanır. Mərkəzin məzunları arasında işlə təminolma göstəricisi 86 faiz təşkil edir.

Nazir müavininin sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən beynəlxalq intensiv təhsil proqramı da konkret nəticələr verən təşəbbüslərdəndir.

Qeyd olunub ki, proqramın 2026-cı ildə keçirilən ilk mərhələsində 120 tələbə dörd aylıq intensiv təlimi uğurla başa vurub, onlardan 20-si təhsil aldığı müddətdə iş təklifi alıb. Layihənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə növbəti mərhələ üzrə qeydiyyat da elan edilib.

C.Qurbanov vurğulayıb ki, təhsil, dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq gənclərin müasir bilik və bacarıqlar əldə etməsinə, onların əmək bazarına inteqrasiyasının sürətlənməsinə imkan yaradır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə