“Azərbaycanın məşğulluq siyasətində əsas məqsəd iş yerlərinin yaradılmasıdır“ - AYDIN MİRZƏZADƏ
Azərbaycan dövlətinin sosial siyasətində əhalinin məşğulluğunun təmin edilməsi və yaradılan iş yerlərinin keyfiyyətinin yüksəldilməsi xüsusi yer tutur. Bu istiqamətdə həm ölkəmizin təcrübəsindən, həm də beynəlxalq təcrübədən maksimum istifadə olunur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sosial məsələlər daim dövlət siyasətinin diqqət mərkəzində olub.
SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Milli Məşğulluq Forumunda çıxışı zamanı deyib.
Deputat bildirib ki, vətəndaş müharibəsinin dayandırılması, atəşkəsin əldə olunması və ölkədə həyata keçirilən islahatlar Azərbaycanın inkişafında, o cümlədən sosial problemlərin həllində mühüm mərhələnin əsasını qoyub. Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra beş il ərzində 600 min yeni iş yerinin yaradılması ilə bağlı bəyanatı da ölkənin iqtisadi və sosial inkişafı baxımından mühüm hədəf olub.
Onun sözlərinə görə, Azərbaycan qarşıya qoyulan hədəfləri yerinə yetirməklə yanaşı, müasir iqtisadiyyatın qurulmasında da ciddi irəliləyiş əldə edib. Ölkə 1990-cı illərin ağır böhranından uğurla çıxaraq inkişaf etmiş dövlət statusuna çatmaq istiqamətində mühüm addımlar atır.
A.Mirzəzadə qeyd edib ki, neft-qaz sektoruna əsaslanan iqtisadiyyatın çoxşaxəli iqtisadi modelə keçməsi əmək bazarının strukturuna da təsir göstərir. Qloballaşma, süni intellektin yayılması və informasiya texnologiyalarının inkişafı məşğulluq məsələlərinə yeni yanaşma tələb edir. Bu proses yalnız bir nazirliyin deyil, dövlət qurumlarının, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin birgə fəaliyyətini zəruri edir.
Deputat vurğulayıb ki, əsas məqsəd yalnız əmək bazarı üçün kadr hazırlamaq deyil, eyni zamanda insanlara gələcəkdə öz iş yerlərini yaratmaq bacarığı aşılamaqdır. Bu baxımdan təhsil sistemində uzunmüddətli perspektivdə yaranacaq yeni ixtisaslara və peşələrə tələbat nəzərə alınmalıdır.
O bildirib ki, dövlət büdcəsinin 40 faizindən çoxunun sosial sahəyə yönəldilməsi bu məsələlərə verilən önəmin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və onların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi də məşğulluq siyasətinin mühüm istiqamətlərindəndir.
A.Mirzəzadənin sözlərinə görə, yeni iqtisadi sahələrin yaradılması, investisiyaların cəlb edilməsi, iş yerlərinin sayının artırılması və keyfiyyətinin yüksəldilməsi milli məşğulluq siyasətinin əsas prioritetləridir. Parlament də büdcə müzakirələri, qanunvericilik təşəbbüsləri və müvafiq qanunlara dəyişikliklər vasitəsilə bu prosesə töhfə verməyə çalışır.
Deputat forumun nəticələrinin ölkədə məşğulluq sahəsində görüləcək işlərin həm həcminin, həm də keyfiyyətinin artırılmasına xidmət edəcəyinə inamını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB