Diplomun var, peşən var, bəs niyə öz sahəndə işləmirsən? - KÖŞƏ

Diplomun var, peşən var, bəs niyə öz sahəndə işləmirsən? - KÖŞƏ

Bir insan illərlə arzuladığı peşəyə yiyələnmək üçün oxuyur, imtahan verir, gecələrini gündüzünə qatır, diplom alır. Sonra isə tamam başqa sahədə işləməyə məcbur qalır. Bəs biz nə vaxtdan arzularımızı dolanışığımıza qurban verməyə başladıq?

Bu gün cəmiyyətdə tez-tez rastlaşdığımız mənzərələrdən biri də insanların təhsil aldıqları ixtisas üzrə deyil, tamamilə fərqli sahələrdə çalışmasıdır. Müəllimlik təhsili alan satışda, mühəndislik oxuyan ofisiantlıqda, hüquq təhsili alan isə başqa bir sahədə işləyir. Bir vaxtlar böyük həvəslə seçilən peşələr zaman keçdikcə diplomda yazılan bir ixtisasa çevrilir. İnsan isə həyatını davam etdirmək üçün başqa qapıları döyməli olur.

Bəs insanları öz peşələrindən uzaqlaşdıran nədir? İlk növbədə, əməkhaqqı və dolanışıq qayğıları. İnsan ailəsini dolandırmaq, kirayəsini ödəmək, gündəlik ehtiyaclarını qarşılamaq məcburiyyətindədir. Sevdiyi peşə ona normal gəlir gətirmirsə, istəməsə belə, daha çox qazanc əldə edə biləcəyi sahəyə yönəlir. Beləcə, uşaqlıqdan qurduğu arzular real həyatın iqtisadi tələbləri qarşısında geri çəkilir.

Bəs diplom almaq iş tapmağa niyə kifayət etmir? Çünki ali və orta ixtisas təhsili ilə əmək bazarının tələbləri arasında bəzən ciddi uyğunsuzluq yaranır. Hər il minlərlə gənc müxtəlif ixtisaslar üzrə məzun olur, lakin həmin sahələrdə onların hamısını əhatə edəcək iş yerləri mövcud deyil. Nəticədə diplomlu gənclər ya işsiz qalır, ya da ixtisaslarına aidiyyəti olmayan işlərdə çalışmağa başlayırlar.

İnsanlar peşələrini öz istəkləri ilə seçirlər, yoxsa məcburiyyətdən? Bəzən gənclər ixtisas seçərkən öz maraq və bacarıqlarını deyil, valideynlərinin istəyini, cəmiyyətin gözləntilərini və həmin peşənin nüfuzunu əsas götürürlər. Valideyn övladını həkim, hüquqşünas və ya müəllim görmək istəyir. Gənc isə illər sonra anlayır ki, seçdiyi sahə onun xarakterinə, maraqlarına və həyat planlarına uyğun deyil. Beləliklə, insan sevmədiyi bir peşəyə illərini sərf edir.

Bəs işəgötürənlərin tələbləri bu vəziyyətə necə təsir edir? Təcrübə tələbi də gənclərin qarşısında ciddi maneəyə çevrilir. Yeni məzun olmuş birindən bir neçə illik iş təcrübəsi tələb olunur. İnsan işə qəbul edilmək üçün təcrübəyə ehtiyac duyur, təcrübə qazanmaq üçün isə işə qəbul olunmalıdır. Bu ziddiyyət bir çox gənci öz ixtisasından uzaqlaşdırır.

Peşəsini dəyişən insan həqiqətən xoşbəxtdirmi? Bunu hər kəs üçün eyni cür cavablandırmaq mümkün deyil. Bəziləri başqa sahədə özünü tapır, daha yaxşı gəlir əldə edir və əvvəlki seçimindən peşman olmur. Ancaq elələri də var ki, hər gün sevmədiyi işə getməli olur, potensialını göstərə bilmir və daxilən başqa bir həyatın həsrətini çəkir. Ən ağrılı məqam isə insanın bacardığı işi görmək əvəzinə, məcbur olduğu işlə kifayətlənməsidir.

İlk növbədə, əmək bazarının real ehtiyaclarına uyğun kadr hazırlığına, peşə təhsilinin gücləndirilməsinə, gənclərin düzgün istiqamətləndirilməsinə və ixtisaslı mütəxəssislərin əməyinin layiqincə qiymətləndirilməsinə ehtiyac var. Çünki insanın öz sahəsində işləməsi yalnız onun şəxsi uğuru deyil, bütövlükdə cəmiyyətin inkişafı üçün də vacibdir.

Əslində, məsələ təkcə iş tapmaq deyil, insanın öz həyatında öz yerini tapa bilməsidir. Bir ölkənin minlərlə diplomlu, amma ixtisasından uzaq düşmüş vətəndaşı varsa, burada yalnız fərdi seçimlərdən danışmaq olmaz. Bu, həm təhsil sisteminin, həm əmək bazarının, həm də sosial-iqtisadi mühitin düşündürməli olduğu məsələdir.

Axı insan ömrünün ən məhsuldar illərini öyrənməyə, peşə qazanmağa sərf edirsə, niyə sonda həmin peşədən imtina etməli olsun? Niyə bir gənc sevdiyi işi deyil, sadəcə maaş ala biləcəyi işi seçməyə məcbur qalsın?

Bəlkə də ən böyük problem insanların işsiz qalması deyil, işlədikləri halda öz potensiallarını reallaşdıra bilməmələridir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə