Şəhər səhər saatlarında tamam başqa bir simaya bürünür. Küçələrdə insan axını artır, dayanacaqlarda izdiham yaranır, avtobusların qarşısında isə hər səhər eyni mənzərə təkrarlanır: insanlar işə, şagirdlər məktəbə, tələbələr universitetə çatmağa çalışırlar. Amma bəzən günün ilk və ən böyük sınağı gedəcəyin ünvana vaxtında çatmaq yox, avtobusa minə bilmək olur.
Metroda müəyyən məhdudiyyətlərin olması yerüstü nəqliyyatın onsuz da böyük olan yükünü daha da artırıb. Dərslərin başlaması ilə bu sıxlıq daha aydın hiss olunur. Xüsusilə səhər saatlarında dayanacaqlarda avtobus gözləyən insanların sayı o qədər çox olur ki, gələn nəqliyyat vasitəsinə hamının minməsi fiziki olaraq mümkün görünmür.
Bir avtobus yaxınlaşır. İnsanlar instinktiv olaraq qabağa addımlayır. Kimi işə gecikir, kimi uşağını məktəbə aparır, kimi ilk dərsinə çatmağa çalışır. Qapı açılır, amma içəridə artıq nəfəs almağa belə yer yoxdur. Bir neçə saniyəlik ümid yaranır, sonra qapılar bağlanır və avtobus dayanacaqdan uzaqlaşır. Dayanacaqda qalanlar isə növbəti avtobusu gözləməyə məcbur olur.
Ən çətin məqam isə budur ki, növbəti avtobusun da eyni vəziyyətdə gələcəyini bilirsən.
Səhər saatlarında ictimai nəqliyyatdan istifadə edən insan üçün bu, artıq adi bir narahatlıq deyil. Bu, hər gün təkrarlanan yorucu bir rituala çevrilir. İnsan günə iş yerində, məktəbdə və ya universitetdə başlamazdan əvvəl artıq yolda yorulur. İzdihamın içində dayanmaq, avtobus gözləmək, bir neçə nəqliyyat vasitəsini buraxmaq və nəhayət, birtəhər avtobusa daxil olmaq günün ilk enerjisini tükədir.
Dərs ili başlayanda isə vəziyyət daha da mürəkkəbləşir. Məktəbli uşaqlar, tələbələr, valideynlər, müəllimlər, işə gedən minlərlə insan eyni saatlarda yola çıxır. Şəhərin bir nöqtəsindən digərinə getmək üçün sərf olunan vaxt uzanır, dayanacaqlardakı sıxlıq artır, avtobusların içindəki gərginlik isə hiss olunur.
Əslində, məsələ təkcə avtobus sayının çoxluğu və ya azlığı deyil. Məsələ şəhərdə gündəlik həyatın normal ritminin təmin edilməsidir. İnsan səhər evindən çıxanda ən azı ictimai nəqliyyata minə biləcəyinə əmin olmalıdır. Bir şagird dərsə çatmaq üçün avtobus qapısında mübarizə aparmamalıdır. İşçi hər səhər “bu dəfə avtobusa minə biləcəyəmmi?” sualı ilə dayanacağa gəlməməlidir.
Çünki ictimai nəqliyyat sadəcə bir ünvandan digərinə aparan vasitə deyil. O, şəhərin gündəlik həyatının əsas damarlarından biridir. Bu damar sıxıldıqda isə bütün şəhərin ritmi pozulur.
Bu gün səhər avtobus dayanacağında dayanan hər bir insanın öz hekayəsi var. Kimininsə ilk dərsi başlayır, kiminsə işə gecikmək qorxusu var, kiminsə evdə məktəbə hazırlaşdırdığı uşağı var. Hamısının ortaq istəyi isə çox sadədir: vaxtında və rahat şəkildə mənzil başına çatmaq.
Amma dərslərin ilk günlərində avtobusa minə bilmək həqiqətən də böyük bir qəhrəmanlıq tələb edirsə, deməli, şəhər nəqliyyatında insanların gündəlik rahatlığı haqqında yenidən düşünməyin vaxtıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB