Halal pulun qurbanı

Gələn zəngi, düzü, heç gözləmirdi. Bəlkə də adı da yadından çıxmışdı. İllər idi ki, biri-birini görmürdülər. “Yes” düyməsini basıb alo dedi.

- Salam, müəllim.

- Əleykümsalam.

- Yəqin tanıdın?

- Tanıdım.

- Bəlkə deyərsən ki, illərdir arayıb-axtarmayan, zəng vuranda telefonu götürməyən dostumdan indi nə əcəb. Ürəyində nə desən, nə fikirləşsən haqlısan.

- Yox, ürəyimdə heç nə demədim, demək istədiklərimi də sən dilinə gətirdin.

- Sənə bir işim düşüb...

Xəttin o başından deyilən bu fikir onu sanki yuxudan ayıltdı. Donu açılan torpaq kimi gərnəşdi. Cavab verməyə tələsmədi, daha doğrusu, söz tapa bilmədi. Handan-hana dilləndi:

- Sənin mənə nə işin düşə bilər? Allaha şükür hər şeyin var, ürəyin istəyən hər şeyə sahibsən.

- Yox, yox. Bunu səndən başqa kimsəyə deyə bilmərəm. Sənin ağzıbütövlüyünə, mərdliyinə bələdəm.

- Buyur, eşidirəm.

- Uşaq xəstələnib. Evdə pulum var. Sadəcə heç kimdən istəyə bilmədim, müəllim. Mənə halal pul lazımdır.

Özünü güclə saxladı. Yox, yuxu deyildi. Yuxu olsaydı olanları, keçənləri bir-bir onun ovcuna qoyar, ürəyini boşaldar, sonra da bir küncə çəkilib için-için ağlayardı.

- Bəs, səndəki pul deyil?

- Puldur, ancaq...

- Hardan bilirsən ki, mənim pulum halaldır?

- Mən səni tanıyıram. Sənin halallığına, Allahdan qorxub harama əl uzatmadığına bələdəm, hayla gələnin bir gün vayla gedəcəyinə inanan adamsan. Allah bütün balaları qorusun, qızıma qurban demişəm, halal pulun qurbanını...

Bir anlıq nəfəsini içinə çəkib durdu, cavab verə bilmədi. Sanki yer-göy başına fırlandı, gözünün önünə ömründə görmədiyi pullar, heç vaxt sürmədiyi və sürməyini xəyal etmədiyi maşınlar, xəstə balaca qız, bir də xəttin o başındakının çarəsiz baxışları gəldi. Qəhərdən udquna-udquna pıçıldadı:

- Kartını at, göndərim...

Hafiz Hacxalıl

Bütün xəbərlər Facebook səhifəmizdə