Aprel işğalı mart soyqırımının davamı olaraq həyata keçirilmiş tarixi cinaəytdir

Sabir Şahtaxtı , Siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycanın dövlətçilik tarixindəki qanlı acılar, eləcə də xalqın yaşadığı ağır milli faciə və fəsadların təməlində Çar Rusiyasının Qafqaz siyasətindəki amansızlıqlar dayanır.

Tariximizin son iki əsrlik bütün qanlı səhifələri Azərbaycanın coğrafi baxımdan çar Rusiya ilə Qacar xanədanlığı arasında bölüşdürülməsinə gətirib çıxarmış Gülüstan və Türkmənçay müqavilələrindən başlayır. Lakin bu bölüşdürmə yalnız ərazinin parçalanması ilə yekunlaşmır, eyni zamanda Araz çayı vasitəsilə bir - birindən ayrı düşən bütöv bir xalqın milli mənəvi dəyərləri, ənənələr və psixoloji yanaşmaları arasında yaranmağa başlayan fərq getdikcə daha da dərinləşmişdi. Təəssüflə qeyd etməliyik ki, proletariatın hüquq bərabərliyi şüarı altında hakimiyyətə inqilab yolu ilə ələ keçirən bolşeviklər Azərbaycan xalqının parçalanması istiqamətində daha ağır tədbirlər həyata keçiriblər. Bu mənada 1920-cı il aprelin 28-də XI Qırmızı ordunun hərbi işğalı ilə fəaliyyətinə xitam verilən Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəb və nəticələrinin yaddaşımızda qalması xüsusilə əhəmiyyətlidir. Xüsusilə qeyd etməliyik ki, keçmiş sovetlər birliyi dövründə, mənbələrdə və hətta dərsliklərdə işğalçı qoşunlar XI Qızıl Ordu adı ilə xalqa sırınıb.

Bolşevik inqilabının əsas səbəbi Çar Rusiyasının dünya ağalığı iddiasından qaynaqlandı. Çünki hərbi işğal nəticəsində Avrasiyada getdikcə daha çox əraziləri zəbt etmək üçün dövlət büdcəsinin əsas xərcləri hərbi gücünə yönəlməliydi. Bu isə öz növbəsində sosial xərcləri durmadan artırırdı.

I Dünya müharibəsində məğlub olan Rusiya Qafqazı, xüsusilə də şimali Azərbaycanı itirmək istəmirdi. Bu siyasət Lenin Rusiyasına çar quruluşundan vəsiyyət kimi qalmışdı. 1918-ci il martın 20-dən başlayıb aprelin birinci öngünlüyündə davam etdirilən soyqırımı aktları məhz bu varisliyin məntiqi nəticəsi kimi planlaşdırılıb həyata keçirilmişdir.

Cümhuriyyətin Sovet imperiyası tərəfindən hərbi işğala məruz qalması Azərbaycan Xalqının dövlətçilik tarixinə, dövlətçilik prinsiplərinə, milli-azadlıq arzularına qarşı qəsd olub. Bu işğal ölkənin hər yerində kütləvi qırğınlar, repressiyalar, fiziki və mənəvi terror aktları ilə xarakterizə olunub. Törədilən hərbi təcavüzün işğal faktı olduğunu isbat edən aşağıdakılardır:

– Lenin hökuməti Azərbaycanın dövlət müstəqilliyini tanımaq üçün heç bir cəhd göstərməmişdir;
– Bolşeviklər Azərbaycanda bütün separatçı qüvvələrə, eləcə də erməni silhalı dəstələrinə hər cür kömək göstərmişlər;
– Xalq Cümhuriyyəti hökuməti sovet Rusiyasını ölkəmizə dəvət etməmişdir.
– XI qırmızı ordu hərbi işğal yürüşü zamanı Azərbaycan xalqına qarşı qəddarlığı və ziyankarlığı ilə tanınan ermənilərdən ibarət şəxsi heyətdən geniş istifadə etmişdir və s.

Sonda qeyd etdiyimi məqama dair mühüm bir fakt: işğalçı ordunun nəzdində erməni poruçik Ağacanyanın başçılığı ilə ermənilərdən ibarət 150 nəfərlik dəstə Azərbaycanın şimal bölgəsində dinc əhaliyə qarşı ağır cinayətlər törədib, hətta açıq soyğınçuluq və qarətlər ediblər.
Hakimiyyəti zorla ələ keçirən bolşeviklər bütün dövlətçilik prinsiplərini, eləcə də milli atributların aradan qaldırmışlar. Milli ordunun şəxsi heyəti amansız repressiyalara məruz qalmışdır. Xalqın və dövlətin ümumi mülkiyyətinə qarşı talançılıq həyata keçirilib.
Tarixi mənbələrə görə, işğal zamanı təxminən 70 min nəfərlik şəxsi heyətdən istifadə olunub. O cümlədən, işğalçı ordunun arsenalında ən azı 3 zirehli qatar, artilleriya (toplar), pulemyotlar, şrapnel və fuqas mərmiləri olub.

Cümhuriyyət hökumətindən hakimiyyəti zorla ələ keçirən bolşevik komissarlar verdikləri heç bir vədə əməl etməyiblər.

Ümumilikdə 1920-cı ilin aprel işğalı Azərbaycan xalqına və dövlətinə qan - qada gətirməklə bərabər, çoxistiqamətli fəlakət verib. Bunlar aşağıdakılardır:
– Uzun illər Azərbaycanda rəhbərlik qeyri - azərbaycanlılara tapşırıldı;
– Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinin böyük bir hissəsi Ermənistana hədiyyə edilib, o cümlədən qərbi Zəngəzuru Azərbaycandan qoparmaqla Turan coğrafiyası arasında keçilməz buffer ərazi formalaşdırıblar;
– Azərbaycan xalqının yeraltı və yerüstü sərvətləri talan edilib;
– 1937-ci ildə isə repressiyaları ilə işğal fəlakətinin yeni bir dalğası həyata keçirilib;
–Azərbaycanlıların etnik təmizlənməsi ilə Ermənistan SSR monoetnik ölkəyə çevrilib və s.

Aprel işğalının Azərbaycana və ümumilikdə türk dünyasına verdiyi ən böyük fəlakətlər sırasında saxta ideologiyanın yaratdığı yalanlar olub. Uzun illər işğalçı ordu proletariatın xilaskarı kimi təqdim olunub. Dörd dəfə əlifba dəyişimi ilə xalqın qan yaddaşını unutdurmağa çalışıblar. Milli təfəkkürlü ləyaqətli simalar unutdurulub, əsl düşmənlərdən saxta qəhrəman obrazı yaradılıb. Bu yerdə paytaxt Bakının məşhur məskənlərindən olan indiki Xəqani bağlı ilə bağlı bir fakta diqqət göstərək: Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Malakan bağı kimi tanınan məkana bolşevik Həşim Əliyevin adı verilmiş, sonralar isə 1905-ci ilin Qanlı bazar günü xatirəsinə "9 Yanvar bağı" adlandırılıb. XX əsrin axırlarında məlum qlobal proseslər fonunda Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Bu fonda bir sıra saxta adlar milliləşdirilib. Haqqında bəhs etdiyimiz bağ hazırda dörünün görkəmli ziyalısı Xaqani Şirvaninin adını daşıyır. Bağın arxitektura - landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" adlı heykəllər qrupu əyri cızıqlı formada parkın mərkəzindəki hovuzun içərisində yerləşdirilib.
Başqa bir fakt: Azərbaycanın ikinci böyük yaşayış məskəni olan Gəncə şəhəri əsassız şəkildə Kirovabad adlandırılıb. Əslində aprel işğalının əsas simalarından sayılan Kiroc soyadlı şəxs əsl terrorçu kimi tanınıb.

Təəssüflə qeyd etməliyik ki, keçmiş SSRİ-nin anti - türk siyasəti nəticəsində uzun illər sovetlərin işğal altında saxladığı türk dövlətləri ilə Türkiyə Cümhuriyyəti ilə əlaqələrə imkan verilməyib, gediş-gəliş yasaqlanıb. Bütün bunlara baxmayaraq tarixi ədalət təxminən 100 illik asilədən sonra bərpa olunub. Indi Azərbaycan tərəfi başda Türkiyə Cümhuriyyəti olmaqla bütün türk dünyası ilə həmrəylik, müttəfiqlik, tərəfdaşlıq çərçivəsindədir. Prezident İlham Əliyevin dediyi kimi, türk dövlətləri bizim vahid evimizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə