"Ümumiyyətlə, insanın üç fərqli “mən” anlayışı var: sosial mən, real mən və ideal mən. Sosial mən insanın cəmiyyətə göstərdiyi tərəfdir. İdeal mən insanın olmaq istədiyi, arzuladığı şəxsiyyəti ifadə edir. Real mən isə insanın əslində kim olduğunu göstərir".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
_(1).jpg)
Onun sözlərinə görə, psixoanalitik yanaşmalarda da qeyd olunur ki, insanlar həyat boyu müxtəlif “maskalardan” istifadə edirlər: "Bu, müəyyən mənada normal hal hesab olunur. Məsələn, insan iş mühitində bir cür, evdə başqa cür, dost çevrəsində isə daha fərqli davrana bilər. Bu, həyatın və sosial münasibətlərin təbii bir hissəsidir.
Lakin elə insanlar da var ki, onlar hətta ən yaxın dostlarının yanında belə səmimi ola bilmir, özlərini olduqları kimi göstərə bilmirlər. Bunun səbəbi müxtəlif ola bilər. Bəzən bu hal komplekslərdən və özgüvən çatışmazlığından qaynaqlanır. Bəzən insan yanlış anlaşılmaq qorxusu ilə özünü fərqli təqdim edir. Digər hallarda isə həm özünə, həm də ətrafdakılara güvənmədiyi üçün həqiqi kimliyini gizlətməyə çalışır.
Bəzi hallarda isə məsələ insanın özünüqavrama tərzi ilə bağlı olur. Elə insanlar var ki, yaşına uyğun davranmır, daha uşaqvari reaksiyalar göstərirlər. Bunun arxasında psixoloji yetkinliklə bağlı çətinliklər, emosional inkişaf xüsusiyyətləri və digər psixoloji amillər dayana bilər.
İnsan öz kimliyini yalnız özünü dərindən tanıdıqda və qəbul etdikdə tam şəkildə ifadə edə bilər. Özünü daha yaxşı dərk etdikcə, güclü və zəif tərəflərini anladıqca cəmiyyətə də olduğu kimi görünməkdən çəkinmir. O, müxtəlif mühitlərə uyğunlaşmağı bacarsa da, daxili kimliyini və dəyərlərini qoruyub saxlayır.
Belə insanlar cəmiyyətdə şəxsiyyət kimi formalaşır, öz mövqelərini qoruyur və başqalarının təsiri altında kimliklərini itirmirlər. Bu isə sağlam özünüdərk və psixoloji yetkinliyin əsas göstəricilərindən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB