“Ermənistanın yeni Konstitusiyası regionda davamlı sülhün hüquqi təminatına çevrilməlidir“ - MİLLƏT VƏKİLİ
“Bu gün Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin yekun sülhə çevrilməsi qarşısında duran əsas məsələlərdən biri Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının və münaqişə ilə bağlı hüquqi əsasların aradan qaldırılmasıdır. Bu məsələ sülh müqaviləsinin imzalanması və regionda davamlı sülhün təmin olunması baxımından prinsipial əhəmiyyət daşıyır”.
Bu sözləri SİA -ya açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, artıq Ermənistanda yeni Konstitusiya layihəsi ictimai müzakirəyə çıxarılıb və erməni cəmiyyəti bu dəyişikliklərlə bağlı öz mövqeyini bildirmək imkanı əldə edib:
”Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan Ermənistanın hakimiyyəti ilə deyil, xalqı ilə sülh bağlamaq istəyir. Bu baxımdan, əgər erməni cəmiyyəti həqiqətən sülhün tərəfdarıdırsa, o zaman bu prosesdə fəal iştirak etməli və ölkəsinin gələcək Konstitusiyasının sülhə xidmət etməsi istiqamətində mövqeyini ortaya qoymalıdır.
Lakin prosesin zahiri gedişatına baxmayaraq, burada müəyyən suallar və şübhəli məqamlar da diqqəti cəlb edir. Belə təəssürat yaranır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya dəyişiklikləri prosesini müxtəlif mərhələlərə bölməklə vaxtı uzatmağa çalışa bilər. Təbii ki, bu, hazırda yalnız ehtimaldır. Ancaq prosesin gedişi bir sıra suallar doğurur.
Məsələn, yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılmasına nə dərəcədə ehtiyac var idi? Axı son qərarı referendumda xalq verəcək. İctimai müzakirələrdən sonra yenidən referendumun keçirilməsi zərurəti onsuz da qalacaq. Bəs bu əlavə mərhələ prosesin sürətlənməsinə, yoxsa daha da uzanmasına xidmət edəcək?
Digər tərəfdən, Ermənistan parlamentində referendumun keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi üçün zəruri siyasi dəstəyin olub-olmaması da sual doğurur. Bir tərəfdən referendumun keçirilməsi üçün siyasi və hüquqi prosedurların tamamlanması tələb olunur, digər tərəfdən isə ictimai müzakirələr aparılır.
Bəs ictimai müzakirələrin nəticəsində erməni cəmiyyəti Konstitusiya dəyişikliklərinə qarşı mövqe ortaya qoyarsa, onda nə baş verəcək? Ermənistan hakimiyyəti bu halda hansı addımları atacaq? Sülh prosesinin taleyi yenidən qeyri-müəyyən müddətə təxirə salınacaqmı?
Xüsusilə nəzərə almaq lazımdır ki, Paşinyan daha əvvəl sülh müqaviləsinin imzalanmasının 2031-ci ilə qədər mümkün ola biləcəyinə dair açıqlama vermişdi. Bu cür bəyanatlar və Konstitusiya dəyişiklikləri ətrafında formalaşan prosesin gedişi Ermənistanın sülh gündəliyinə dair real niyyətləri ilə bağlı əlavə suallar yaradır.
Bütün bunlar bizi bir məsələ üzərində ciddi düşünməyə vadar etməlidir: Ermənistan tərəfinin sülh haqqında verdiyi bəyanatlara nə dərəcədə etibar etmək olar? Sülhdən danışmaq kifayətdirmi, yoxsa bu niyyət konkret siyasi və hüquqi addımlarla təsdiqlənməlidir?
Azərbaycan üçün əsas məsələ sülh müqaviləsinin sadəcə imzalanması deyil, onun möhkəm hüquqi əsaslara söykənməsi və uzunmüddətli sülhü təmin etməsidir. Bunun üçün isə Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, qarşılıqlı etimadın formalaşdırılması və əldə olunmuş razılaşmaların real şəkildə həyata keçirilməsi vacibdir.
Ona görə də əsas diqqət Ermənistan hakimiyyətinin səsləndirdiyi bəyanatlara deyil, atdığı konkret addımlara yönəldilməlidir. Əsl sülh niyyəti sözlərlə deyil, siyasi iradə və hüquqi öhdəliklərlə sübut olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB