Avropa İttifaqı ilə viza liberallaşdırılması mühüm hədəfimizdir - Ceyhun Bayramov

Avropa İttifaqı ilə viza liberallaşdırılması mühüm hədəfimizdir - Ceyhun Bayramov

Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılmasını və qarşılıqlı səfərlərin sadələşdirilməsini mühüm hədəflərdən biri hesab edir.

SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüş zamanı viza liberallaşdırılması məsələsi də müzakirə olunub. Litva tərəfinin bu prosesə dəstək ifadə etməsi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür və müsbət mesaj kimi qiymətləndirilir.

Ceyhun Bayramov qeyd edib ki, Avropa İttifaqının mövcud qaydalarına əsasən, viza liberallaşdırılması siyasəti ayrı-ayrı üzv dövlətlər tərəfindən deyil, ümumilikdə Avropa İttifaqı səviyyəsində həyata keçirilir. Bununla belə, üzv ölkələrin mövqeyi və dəstəyi prosesin irəliləməsi baxımından mühüm əhəmiyyət daşıyır.

O vurğulayıb ki, Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrliyi bu gündəliyin irəli aparılması üçün əlverişli imkan yarada bilər.

Nazir Litva tərəfinin dəstəyini yüksək qiymətləndirərək bu yanaşmaya görə həmkarına təşəkkürünü bildirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə