Litvanın Aİ Şurasına sədrliyi Azərbaycanla əlaqələr üçün yeni imkanlar yaradacaq - Nazir

Litvanın Aİ Şurasına sədrliyi Azərbaycanla əlaqələr üçün yeni imkanlar yaradacaq - Nazir

Litva Avropa İttifaqı Şurasına sədrliyi dövründə Azərbaycanla münasibətlərin inkişafına, viza rejiminin sadələşdirilməsi üzrə müzakirələrin bərpasına və strateji tərəfdaşlığın yenilənməsinə xüsusi diqqət yetirəcək.

SİA xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Litva gələn il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik etməyə başlayacaq. Bu çərçivədə ölkəsi 27 üzv dövlət arasında ortaq mövqelərin və həll yollarının tapılmasına, həmçinin Avropa İttifaqının tərəfdaşlarla əlaqələrinin inkişafına töhfə verəcək.

Kestutis Budris qeyd edib ki, Azərbaycanla əməkdaşlıq baxımından bir neçə mühüm istiqamət mövcuddur. Bunlardan biri viza rejiminin sadələşdirilməsi ilə bağlı müzakirələrin və hər iki tərəfdə müvafiq hüquqi proseslərin bərpasıdır. Nazir hesab edir ki, bu, səyahət imkanlarını genişləndirəcək, qarşılıqlı anlaşmanı və əməkdaşlığı gücləndirəcək.

O, həmçinin Aİ-Azərbaycan tərəfdaşlığının prioritetləri üzrə razılığın əldə olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, Avropa İttifaqının Azərbaycanla investisiyalar, Mərkəzi Asiya və digər regionlarla əlaqəlilik, sabitlik və rifahın təşviqi sahələrində əməkdaşlıq etməkdə marağı var.

Litvanın xarici işlər naziri Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yenilənməsinin də hazırkı dövrdə mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə