"Rusiya-Ukrayna müharibəsi və İran ətrafındakı vəziyyət ciddi narahatlıq doğurur" - Nazir

"Rusiya-Ukrayna müharibəsi və İran ətrafındakı vəziyyət ciddi narahatlıq doğurur" - Nazir

Rusiya ilə Ukrayna arasında davam edən müharibə və Yaxın Şərqdəki qeyri-sabitlik, xüsusilə İran ətrafında vəziyyətin tam sabitləşməməsi region üçün ciddi risklər yaradır.

SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, daha geniş coğrafiyada baş verən proseslər də müzakirə olunub. Onun sözlərinə görə, regionda müşahidə olunan müsbət inkişaflarla yanaşı, ciddi narahatlıq doğuran məqamlar da mövcuddur.

Ceyhun Bayramov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi həm Azərbaycan, həm də daha geniş coğrafiya üçün mənfi təsirlərə və risklərə səbəb olur.

O, Yaxın Şərqdəki vəziyyətə də toxunaraq İran ətrafında qeyri-sabitliyin davam etməsinin ciddi narahatlıq doğuran amillərdən biri olduğunu vurğulayıb.

Nazir bildirib ki, müharibələrin və gərginliklərin sona çatması, mövcud problemlərin diplomatik yollarla həlli üçün səylər artırılmalıdır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə