Azad edilmiş ərazilərdə 50 milyon manatlıq layihə həyata keçirilir - XİN

Azad edilmiş ərazilərdə 50 milyon manatlıq layihə həyata keçirilir - XİN

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Litvanın iştirakı ilə Araz Vadisi İqtisadi Zonasında 50 milyon manatlıq investisiya dəyərinə malik mebel istehsalı müəssisəsi yaradılır.

SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan-Litva iqtisadi əməkdaşlığının genişləndirilməsi çərçivəsində ölkəmizdə mövcud biznes imkanları və perspektivli sahələr barədə məlumat mübadiləsi aparılıb.

O qeyd edib ki, müzakirələr zamanı Şərq-Qərb Orta Dəhlizi, Ələt Azad İqtisadi Zonası, Azərbaycanın investisiya mühiti, eləcə də işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının imkanları diqqətə çatdırılıb.

Ceyhun Bayramov vurğulayıb ki, Litvanın da fəaliyyət göstərdiyi Araz Vadisi İqtisadi Zonasında iki layihə mövcuddur. Onlardan biri çərçivəsində böyük mebel istehsalı müəssisəsinin yaradılması istiqamətində işlər aparılır.

Onun sözlərinə görə, layihəyə yatırılan investisiyanın həcmi 50 milyon manat təşkil edir. Müəssisənin fəaliyyətə başlaması işğaldan azad edilmiş ərazilərdə yeni iş yerlərinin yaradılmasına imkan verəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə