Davamlı psixoloji zorakılığa görə hansı hüquqi cəza nəzərdə tutulur? -HÜQUQŞÜNAS
“Məişət zorakılığı ailələrin, ümumilikdə cəmiyyətin həyat fəaliyyətinin əsaslarını pozan ciddi sosial problemdir. Məlumdur ki, digər zorakılıq əməllərindən fərqli olaraq bu halların fəsadları daha ağır və uzunmüddətli olur. Məişət zorakılığı hallarının əksəriyyəti sağlamlığın pozulması, əlillik və ölümlə nəticələnir. Ailədaxili münasibətlərdəki bu mənfi təcrübələr formalaşan gənc nəsil vasitəsillə sonradan digər sosial qruplara ötürülür”.
SİA xəbər verir ki, bu sözləri hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov açıqlamasında bildirib.
Onun sözlərinə görə, məişət zorakılığı dedikdə qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür:
”2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Məişət zorakılığının subyektləri kimlərdir? Bütün növ zorakılıq məişət zorakılığı hesab olunmur.
Zorakılığın məhz məişət zorakılığı hesab olunması üçün qəsdən vurulan fiziki və ya mənəvi zərər məhz məişət zorakılığının subyektləri arasında olmalıdır. Qanununun 4-cü maddəsinə əsasən aşağıdakılar məişət zorakılığının subyektləridirlər:
· yaxın qohum olan ailə üzvləri (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və
övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər);
· ərin və arvadın yaxın qohumları;
· habelə birgə yaşadığı hallarda digər qohumlar;
· nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvad;
· qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslər, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslər;
· qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın, habelə onlarla birgə yaşayan qohumlar.
Məişət zorakılığının dörd növü var:
Fiziki zorakılıq dedikdə – Qanunda göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması,
Psixi zorakılıq dedikdə - Qanunda göstərilən şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri,
İqtisadi zorakılıq dedikdə - Qanunda göstərilən şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləri,
Cinsi zorakılıq dedikdə- Qanunda göstərilən şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi başa düşülür.
Məişət zorakılığı ilə bağlı şikayətlərə baxan dövlət orqanları bunlardır. Daxili İşlər Nazirliyi, Prokurorluq, yerli İcra Hakimiyyəıti orqanları və məhkəmə
Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda bununla bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerli icra hakimiyyəti tərəfindən 5 gün müddətində, bu halın təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və qısamüddətli mühafizə orderinin verilməsi üçün müraciət edilən vaxtdan 24 saat keçənədək baxılır.
Qısamüddətli Mühafizə Orderi
· Yerli icra hakimiyyəti orqanı tərəfindən verilir;
· Zərər çəkmiş şəxsin hüquqları pozulduqda verilir;
· Müraciət daxil olduqda zərər çəkmiş şəxsə dərhal verilir;
· 60 gün müddətinədək verilir.
Qısamüddətli Mühafizə Orderi zorakılığı törətmiş şəxsə aşağıdakıları qadağan edir:
· məişət zorakılığının təkrar törədilməsi;
· zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;
· zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.
Qısamüddətli Mühafizə Orderi Qərarla birlikdə icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yerli İcra və Probasiya Şöbələrinə göndərilir. Qısamüddətli Mühafizə Orderi haqqında Qərar İcra Haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə və 10.2-ci maddəsinə uyğun olaraq hazırlanmalıdır. Qısamüddətli mühafizə orderi Qanunun 6-cı maddəsinə əsasən icra sənədi hesab olunur və verildiyi vaxt icra olunması üçün İcra və Probasiya Şöbəsinə göndərilir.
Qısamüddətli mühafizə orderi və məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri – dərhal icraya yönəldilir.
Zərər çəkmiş şəxs Qısamüddətli Mühafizə Orderinin icra olunmaması ilə bağlı müraciət etdikdə, yerli icra hakimiyyəti orqanı Uzunmuddətli Mühafizə Orderinin verilməsi üçün məhkəməyə müraciət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB