*Azərbaycan və Vyetnam potensial risk və təhdidlərə qarşı zəmin formalaşdırdı" - POLİTOLOQ

*Azərbaycan və Vyetnam potensial risk və təhdidlərə qarşı zəmin formalaşdırdı" - POLİTOLOQ

"Cənab Prezident İlham Əliyevin Vyetnama həyata keçirdiyi səfər, düşünürəm ki, hər şeydən əvvəl, iki dövlət arasında siyasi etimadı daha da möhkəmləndirdi, əməkdaşlığı isə genişləndirdi. Həmçinin bu səfər Azərbaycanın Cənub-Şərqi Asiya ilə əlaqələrinin inkişafına fundamental töhfə verdi".

Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, 2025-ci ilin may ayında Vyetnam Prezidenti To Lamın Azərbaycana dövlət səfərindən çox da uzun olmayan müddət sonra 2026-cı ilin noyabrında cənab Prezident İlham Əliyevin Hanoya səfər etməsi göstərir ki, siyasi qərarların praktiki müstəviyə keçirilməsi istiqamətində iki ölkə liderinin qətiyyəti mövcuddur.

Münasibətləri isə sadəcə tarixi dostluq və yaxud da bu siyasi qətiyyət kontekstində dəyərləndirmək düzgün olmazdı. Burada siyasi maraqların uzlaşdırılmasından və yarana biləcək vəziyyətlərdə qarşılıqlı etimadın qorunmasından söhbət gedir.

Çünki 2020-ci il Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı məhdudlaşdırıcı addımların qarşısının alınmasında Vyetnamın nümayiş etdirdiyi mövqe illər ərzində yürüdülən siyasətin nəticəsi idisə, bu gün də yarana biləcək potensial risk və təhdidlərə qarşı indidən diplomatik zəmin formalaşdırılır. Şübhəsiz ki, bu baxımdan Vyetnamla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın enerji diplomatiyasının coğrafiyasının genişləndiyini görürük. Ənənəvi Avropa bazarlarına əlavə olaraq, Asiya istiqamətində də yeni tərəfdaşlıqlar formalaşdırılır və enerji resurslarımızın ixrac bazarları şaxələndirilir. Cənab Prezident İlham Əliyev enerji təhlükəsizliyini bir daha dövlətlərin milli təhlükəsizliyinin vacib komponenti kimi xarakterizə etdi. Bu isə əməkdaşlığın strateji mahiyyətini izah edir.

Bu baxımdan, SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi xüsusi diqqət tələb edən məsələlərdəndir.

Orta Dəhliz və Cənub-Şərqi Asiyaya çıxış səfərin digər vacib istiqamətlərindən biridir. Azərbaycanın coğrafi mövqeyi, Xəzər dənizindəki liman infrastrukturu, dəmir yolu şəbəkəsi və beynəlxalq nəqliyyat əlaqələri Vyetnam şirkətləri üçün Avropa bazarlarına çıxmaq baxımından əhəmiyyətlidir.

Orta Dəhlizə gəldikdə isə bu marşrut yalnız Çin və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat əlaqəsi kimi deyil, daha geniş kontekstdə Avrasiya iqtisadi məkanında effektiv və alternativ təchizat və ticarət xətti kimi nəzərdən keçirilir.

Noyabrın 21-də cənab Prezident İlham Əliyev və Vyetnam Prezidenti To Lam tərəfindən qəbul edilmiş Birgə Bəyanat isə səfərin ən mühüm siyasi nəticələrindən biridir. 2025-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmiş münasibətlərin gələcək inkişaf istiqamətləri bu sənədlə konkret şəkildə müəyyənləşdirilir və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni imkanlar formalaşdırılır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə