Fərdi məlumatların sızması: vətəndaşları hansı risklər gözləyir? - AKTA eksperti

Fərdi məlumatların sızması: vətəndaşları hansı risklər gözləyir? - AKTA eksperti

"Şəxsiyyət vəsiqəsinin fotosurəti başqasının əlinə keçəndə ciddi təhlükə yaradır".

Bu sözləri SİA-ya açıqlamasında AKTA eksperti Humay Hüseynova deyib.

Onun sözlərinə görə, bu sənəddə vətəndaşın adı, soyadı, doğum tarixi, fərdi identifikasiya nömrəsi (FİN) və fotoşəkli bir arada olur. Bu məlumatlarla fırıldaqçılar həmin şəxsin adından çıxış edə, müxtəlif xidmətlərdə qeydiyyatdan keçə və faktiki olaraq onun kimliyini mənimsəyə bilirlər. Ekspertin fikrincə, əsas problem vətəndaşın baş verənlərdən çox vaxt gec xəbər tutmasıdır. Çox zaman o, bunu yalnız bankdan ödənilməmiş borcla bağlı bildiriş alanda və ya hüquq-mühafizə orqanları onunla əlaqə saxlayanda öyrənir.

H.Hüseynovanın sözlərinə görə, bəzi hallarda oğurlanmış fərdi məlumatlarla vətəndaşın xəbəri olmadan onun adına kredit götürməyin mümkün olduğu müşahidə edilir. Müştərini məsafədən, sənədin fotosu və selfi ilə yoxlayan onlayn kredit platformalarında bu risk daha yüksəkdir. Ekspert bildirir ki, fırıldaqçılar bu məlumatlarla mobil nömrə də rəsmiləşdirə bilərlər. Sosial şəbəkələrdə saxta profil yaradıb tanışlardan pul istəyə, elektron pul kisələri açıb onlardan qanunsuz maliyyə əməliyyatlarında istifadə edə bilərlər. Belə hallarda hüquq-mühafizə orqanlarının sualları ilk növbədə adı sənədlərdə yazılan şəxsə ünvanlanır. H.Hüseynova əlavə edir ki, sızan məlumatlardan fişinq hücumlarında da istifadə olunur. Şəxs haqqında kifayət qədər məlumatı olan fırıldaqçı özünü bank və ya dövlət qurumunun əməkdaşı kimi təqdim edəndə ona inanmaq daha asan olur.

Ekspert belə halların qarşısını almaq üçün sadə, lakin effektiv tədbirlər tövsiyə edir. Hər şeydən əvvəl, şəxsiyyət vəsiqəsinin fotosunu messencerlərlə, sosial şəbəkələrdə və etibarlılığı yoxlanılmamış saytlarda göndərmək məsləhət görülmür. Sənədin surətini vermək lazım gələrsə, üzərində onun hansı məqsədlə və kimə verildiyini, həmçinin tarixi yazmaq lazımdır. H.Hüseynova vurğulayır ki, bank kartının məlumatlarını, SMS ilə gələn təsdiq kodlarını və şifrələri heç kimə açıqlamaq olmaz, hətta zəng edən özünü bank əməkdaşı kimi təqdim etsə belə. Elektron hesablarda iki mərhələli doğrulamanı aktivləşdirmək də vacibdir. Vətəndaşlar kredit tarixçələrini və adlarına qeydiyyatda olan mobil nömrələri vaxtaşırı yoxlamalıdırlar. Ekspertin sözlərinə görə, sənəd itəndə və ya məlumatların sızdığından şübhələnəndə dərhal polisə və xidmət aldıqları banka müraciət etmək lazımdır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə