"ABŞ və Azərbaycan təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığı gücləndirir" - ŞƏRH EDİLDİ

"ABŞ və Azərbaycan təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığı gücləndirir" - ŞƏRH EDİLDİ

"Amerika Birləşmiş Ştatlarının daxili təhlükəsizlik naziri Markveyn Mullinin Azərbaycana səfəri və səfər zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunması ABŞ-Azərbaycan münasibətlərindəki yaxınlaşmadan və mövcud əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Çünki bu gün təhlükəsizlik məsələsi bütün dünya dövlətlərinin maraq dairəsində olan, hətta dünyanın ən böyük dövlətlərinin belə daim prioritet hesab etdiyi vacib məsələlərdən biridir".

Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, belə bir reallıqda Amerika Birləşmiş Ştatları kimi supergüc dövlətin daxili təhlükəsizlik nazirinin Azərbaycana səfər etməsi və bu sahədə ikitərəfli əlaqələrin müzakirə olunması həm Azərbaycanın ABŞ-a, həm də ABŞ-ın Azərbaycana göstərdiyi etimadın real nümunəsidir. Bu, onu göstərir ki, Azərbaycanın xarici siyasətində, xüsusilə təhlükəsizlik kimi mühüm məsələdə artıq dünyanın ən güclü dövləti ilə də konkret əlaqələri və müzakirə edəcəyi mövzuları var. Hər iki tərəf bu müzakirələrdən özünə faydalı nəticələr əldə edir:

"Bu məsələni yalnız təhlükəsizlik kontekstində qiymətləndirmək və onunla məhdudlaşdırmaq düzgün olmaz. Çünki təhlükəsizlik kimi mühüm sahədə tərəflər arasında etimad formalaşıbsa, bu, digər sahələrdə də qarşılıqlı inamın yüksək səviyyədə olduğunu göstərir. İqtisadi əlaqələr, xarici siyasət məsələləri, tranzit, eləcə də sosial və mədəni sahələrdən asılı olmayaraq, ABŞ-Azərbaycan münasibətlərinin daha da inkişafı üçün etimad mühiti formalaşır. Tərəflərin qarşılıqlı inamından istifadə edərək əlaqələri daha yüksək səviyyəyə çatdırması üçün əlverişli şərait yaranır.

Düzdür, gələcəkdə Amerika Birləşmiş Ştatlarında hakimiyyət dəyişə və respublikaçılardan demokratlara keçid baş verə bilər. Ancaq hazırkı münasibətlər onu göstərir ki, artıq ABŞ üçün də Azərbaycan qlobal reallıqdır. Bu reallıq çərçivəsində tərəflər bir-birini, ən azı, regional məsələlərdə vacib tərəfdaş kimi görürlər. Hər iki tərəf anlayır ki, qarşılıqlı əlaqələri inkişaf etdirməklə müxtəlif məsələlərdə daha yaxşı və faydalı nəticələr əldə etmək mümkündür.

Bu faydalılıq müxtəlif istiqamətlərdə özünü göstərə bilər. Sabah TRIPP marşrutunun fəaliyyətə başlayacağı təqdirdə burada təhlükəsizlik amili ön plana çıxacaq. Çünki belə bir beynəlxalq yolu yalnız qazanc mənbəyi kimi görmək düzgün deyil. Qazanc əldə etmək üçün həmin marşrutu qorumaq da lazımdır. Eyni zamanda, bu layihə yalnız gəlir mənbəyi deyil, həm də iştirakçı tərəflərin geosiyasi çəkisinin artması deməkdir. Ona görə də belə faydalı layihədə iştirak etmək və onun vacib komponentinə çevrilmək bütün tərəflərə müstəsna üstünlüklər vəd edir.

Bu baxımdan, Azərbaycan-ABŞ münasibətləri gələcəkdə də inkişaf edən xətt üzrə davam edəcək. Eyni zamanda, ikitərəfli ticarətin və beynəlxalq münasibətlərdə mühüm aktorlar kimi Azərbaycanla ABŞ arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu görüş tərəflər arasında qarşılıqlı inam və etimadın mövcudluğunu göstərir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə