“Ermənistanın yeni Konstitusiyası regionda dayanıqlı sülh üçün zəmin yarada bilər“ -ELMAN NƏSİROV

“Ermənistanın yeni Konstitusiyası regionda dayanıqlı sülh üçün zəmin yarada bilər“ -ELMAN NƏSİROV

Ermənistanın yeni Konstitusiyası regionda dayanıqlı sülh üçün zəmin yarada bilər.

SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elman Nəsirov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, noyabrın 23-də Ermənistanda yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə təqdim edilməsi gözlənilən proses idi. Onun sözlərinə görə, bu addım 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş tarixi razılaşmalar və paraflanmış sülh sazişinin müddəaları ilə birbaşa bağlıdır.

Elman Nəsirov qeyd edib ki, paraflanmış sülh sazişində tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması, həmçinin gələcəkdə qarşılıqlı ərazi iddiaları irəli sürməməsi əsas prinsiplər kimi təsbit olunub. Deputatın fikrincə, Ermənistanın yeni Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın və onunla bağlı müddəanın çıxarılması məhz bu öhdəliklərdən irəli gəlir.

O vurğulayıb ki, Prezident İlham Əliyevin prinsipial mövqeyinə əsasən, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qaldığı müddətdə sülh müqaviləsinin imzalanması mümkün deyil. Bu məsələnin həlli iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi üçün vacib şərtdir.

Deputat diqqətə çatdırıb ki, artıq sülh mühitinin formalaşdırılması istiqamətində konkret addımlar atılır. Bu baxımdan noyabrın 12-də Dublində Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünü, noyabrın 7-də TRIPP layihəsinin reallaşdırılması ilə bağlı iki işçi qrupun yaradılmasını və həmin qrupların fəaliyyətə başlaması ilə bağlı əldə olunan razılaşmanı xüsusi qeyd edib.

Elman Nəsirov, həmçinin ötən ilin noyabrından cari ilin noyabrına qədər 105 ton yükün Azərbaycan ərazisindən keçməklə Ermənistana maneəsiz daşınmasını etimad mühitinin formalaşmasının göstəricilərindən biri kimi qiymətləndirib.

Deputatın sözlərinə görə, bütün bu addımlar sülh sazişinin imzalanması üçün zəruri siyasi və praktiki mühitin yaradıldığını göstərir. O bildirib ki, Ermənistanın yeni Konstitusiyası qəbul ediləcəyi və referendumda təsdiqlənəcəyi təqdirdə regionda uzunmüddətli və dayanıqlı sülhün bərqərar olması üçün real imkanlar yaranacaq.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə