Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin inkişafı, enerji təhlükəsizliyi və regional məsələlər Bakıda keçirilən birgə mətbuat konfransında diqqət mərkəzində olub. Tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni investisiya imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Cənubi Qafqazda sülh gündəliyi və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
SİA xəbər verir ki, bu məsələlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin birgə mətbuat konfransında müzakirə olunub.
Nazirlər Azərbaycan və İtaliya arasında 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədlərinin ikitərəfli münasibətlərin inkişafındakı rolunu vurğulayıblar. Qeyd olunub ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard ABŞ dollarına çatıb və İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Hazırda iki ölkə arasında 65 əməkdaşlıq sənədi mövcuddur, daha 20 sənəd isə nəzərdən keçirilir.
Energetika əməkdaşlığı da müzakirələrin əsas istiqamətlərindən biri olub. Azərbaycanın İtaliya üçün xam neft və təbii qaz təchizatçısı kimi rolu, Cənub Qaz Dəhlizi və TAP layihəsinin əhəmiyyəti qeyd edilib. Xəzər dənizi–Qara dəniz elektrik kabeli layihəsində İtaliya şirkətlərinin iştirakı, eləcə də SOCAR-ın İtaliya bazarındakı fəaliyyətinin genişlənməsi diqqətə çatdırılıb.
Görüşdə Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika infrastrukturu, sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar və kritik xammal sahələrində əməkdaşlıq imkanları da nəzərdən keçirilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərində İtaliya şirkətlərinin iştirakı, gələcək layihələr üçün mövcud imkanlar vurğulanıb.
Regional gündəliyə toxunan nazirlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh prosesinin irəlilədilməsi məsələlərini müzakirə ediblər. Ceyhun Bayramov azad edilmiş ərazilərdə bərpa işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə italiyalı həmkarına məlumat verib. Antonio Tayani isə İtaliyanın Azərbaycan-Ermənistan arasında sülhə aparan dialoqu dəstəklədiyini, mina təmizlənməsi sahəsində Azərbaycana təcrübə paylaşmağa hazır olduğunu bildirib.
Mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi, İrandakı vəziyyət və Yaxın Şərqdə baş verən proseslər də müzakirə olunub. Antonio Tayani regionda sülhün bərqərar olmasının iqtisadi və ticarət əlaqələrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, həmçinin müharibə dövründə İtaliya diplomatlarının Tehrandan təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.
Tərəflər təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini də qeyd ediblər. Bu kontekstdə Azərbaycan-İtaliya Universitetinin xalqlar arasında əlaqələrin möhkəmləndirilməsindəki rolu xüsusi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB