"Əhalinin qayıdışı işğaldan azad olunmuş ərazilərdə sosial həyatı canlandırır" - ŞƏRH EDİLDİ
"İşğaldan azad olunmuş ərazilərə yerli sakinlərin qayıdışı strateji baxımdan çox mühüm hadisədir. Həmin ərazilərdə sakinlərin məskunlaşdırılması təkcə sosial və iqtisadi inkişaf baxımından deyil, həm də bölgənin təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır".
Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, əhalinin öz doğma yurdlarına qayıtması, orada daimi yaşayışın bərpa olunması bölgənin təhlükəsizliyinin möhkəmləndirilməsinə və sosial həyatın canlanmasına mühüm töhfə verir. Əhali bölgənin və bütövlükdə regionun təhlükəsizliyinin başlıca təminatlarından biridir:
"Bundan başqa, həmin ərazilərdə perspektivdə yeni iş yerlərinin açılması ölkədə işsizliyin azalmasına, məşğulluğun artırılmasına və əhalinin rifahının yüksəlməsinə müsbət təsir göstərə bilər. İşğaldan azad olunmuş ərazilərdə sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu potensialdan səmərəli istifadə olunması həm yerli əhalinin məşğulluğuna, həm də ölkə iqtisadiyyatının şaxələndirilməsinə şərait yaradacaq. Həmçinin, regionlarda iqtisadi inkişafın təmin olunması üçün yeni proqramlar və layihələr həyata keçirilir, infrastruktur quruculuğu davam etdirilir.
Hesab edirəm ki, köçkünlərin doğma yurdlarına qayıdışı bütövlükdə ölkənin inkişafına çox mühüm töhfə verəcək. İnsanların öz evlərinə qayıtması ilə həmin ərazilərdə həyatın yenidən canlanması, sosial və iqtisadi fəallığın artması, yeni yaşayış məntəqələrinin formalaşması prosesi sürətlənəcək. Bu baxımdan, Böyük Qayıdış prosesi yalnız keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması deyil, eyni zamanda, ölkənin gələcək inkişafı və regionların iqtisadi potensialının reallaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB