Peşə təhsili alanlar niyə iş tapmaqda çətinlik çəkirlər? - RƏY

Peşə təhsili alanlar niyə iş tapmaqda çətinlik çəkirlər? - RƏY

Peşə təhsili alan şəxslərin əmək bazarına daxil olması və ixtisaslarına uyğun işlə təmin olunması bir sıra hallarda çətinliklərlə müşayiət olunur. Təhsil müddətində nəzəri və praktiki biliklər qazanan məzunlar iş axtararkən təcrübə çatışmazlığı, uyğun vakansiyaların azlığı və işəgötürənlərin tələbləri kimi maneələrlə qarşılaşırlar. Bəs peşə təhsili alanlar məzun olduqdan sonra iş tapmaqda hansı problemlər yaşayırlar?

Laçın Peşə Məktəbində kompüter inzibatçılığı ixtisası üzrə təhsil almış Səbinə Muğanlı SİA-ya mövzu ilə bağlı danışıb.

O bildirib ki, Laçın Peşə Məktəbində bir il müddətində kompüter inzibatçılığı ixtisası üzrə təhsil alıb:

“Təhsil aldığım müddətdə məktəbdə yaradılan şəraitdən, tədrisin təşkilindən və ümumilikdə təhsil mühitindən çox razı qalmışam. Orada keçirdiyimiz vaxtla bağlı xoş təəssüratlarımız var. Bir neçə rəfiqə birlikdə bu ixtisas üzrə təhsil almışıq. Məqsədimiz əldə etdiyimiz bilik və bacarıqları gələcəkdə əmək fəaliyyətimizdə tətbiq etmək, öz ixtisasımız üzrə çalışaraq peşəkar inkişafımıza nail olmaqdır.

Lakin təəssüf ki, təhsilimizi başa vurduqdan sonra işlə təmin olunmaq məsələsində müəyyən çətinliklərlə qarşılaşırıq. İxtisasımız üzrə işləmək, öyrəndiklərimizi praktikada tətbiq etmək istəyirik, amma uyğun iş yeri tapmaq o qədər də asan deyil. Bu baxımdan məşğulluq qurumundan da dəstək gözləyirik. İstəyimiz iş imkanları barədə məlumatlandırılmaq, uyğun vakansiyalara yönləndirilmək və əmək bazarına daxil olmaq üçün lazımi köməyi almaqdır. Əsas məqsədimiz təhsil aldığımız sahə üzrə iş tapmaq, qazandığımız bilikləri inkişaf etdirmək və müstəqil şəkildə əmək fəaliyyətinə başlamaqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə