“Beynəlxalq təşkilatlar Ermənistanın təşəbbüslərini konkret nəticələrə görə qiymətləndirməlidir” - MİLLƏT VƏKİLİ

“Beynəlxalq təşkilatlar Ermənistanın təşəbbüslərini konkret nəticələrə görə qiymətləndirməlidir” - MİLLƏT VƏKİLİ

“Sülhün ən böyük sınağı yalnız keçmiş düşmənçilikdən imtina etmək deyil, həm də keçmişin həqiqətləri ilə üzləşmək cəsarətidir. Ermənistanın noyabrın 19-20-də İrəvanda “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirməsi məhz bu baxımdan ciddi suallar doğurur. Çünki otuz ildən artıqdır minlərlə azərbaycanlının taleyinə aydınlıq gətirməyən bir dövlətin özünü beynəlxalq humanitar dialoqun təşəbbüskarı kimi təqdim etməsi ən azı siyasi və mənəvi ziddiyyətdir”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, məsələnin ən düşündürücü tərəfi odur ki, Ermənistan beynəlxalq auditoriya qarşısında humanitar dəyərlərdən danışdığı halda, Azərbaycan ailələrinin onilliklərdir cavab gözlədiyi suallar hələ də açıq qalır:

” Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi barədə həqiqətlərin üzə çıxarılması yalnız Azərbaycanın tələbi deyil, beynəlxalq humanitar hüququn da tələbidir. İnsanların öz doğmalarının taleyini bilmək hüququ heç bir dövlətin siyasi hesablaşmalarının predmetinə çevrilə bilməz.

Burada çox sadə, lakin prinsipial bir sual yaranır: Əgər Ermənistan həqiqətən humanitar əməkdaşlıqda maraqlıdırsa, nə üçün bu əməkdaşlığın ilk nəticəsi azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirilməsi olmur? Axı beynəlxalq konfrans təşkil etmək, xarici nümayəndələri bir araya gətirmək və humanitar bəyanatlar səsləndirmək problemin həlli demək deyil. Əksinə, konkret nəticələr olmadığı təqdirdə belə tədbirlər humanitar məsuliyyəti beynəlxalq imic siyasəti ilə əvəz etmək cəhdi təsiri bağışlayır.

Hesab edirəm ki, Ermənistanın qarşısında bu gün iki yol var: ya keçmişin ağır humanitar nəticələrinin aradan qaldırılmasına real töhfə vermək, ya da beynəlxalq platformalarda humanizm haqqında danışmaqla kifayətlənmək. Birinci yol sülhə, ikinci yol isə etimadsızlığın davam etməsinə aparır. Çünki etimad bəyanatlarla deyil, yerinə yetirilən öhdəliklərlə yaranır.

Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması kontekstində itkin düşmüş şəxslər məsələsi xüsusi əhəmiyyət daşıyır. Sülh sazişi dövlətlər arasında yeni hüquqi və siyasi münasibətlərin əsasını qoya bilər. Lakin müharibənin humanitar yaraları sağalmadan cəmiyyətlər arasında etimadın tam bərpasından danışmaq çətindir. Ermənistan anlamalıdır ki, sülh prosesində məsuliyyət yalnız gələcəkdə hansı addımların atılacağı ilə məhdudlaşmır. Keçmişdə baş vermiş hadisələrin araşdırılması, itkinlərin taleyinin müəyyənləşdirilməsi və ailələrin məlumatlandırılması da bu məsuliyyətin ayrılmaz hissəsidir.

Digər tərəfdən, bu məsələ beynəlxalq ictimaiyyət üçün də mühüm prinsipial sınaqdır. İnsan hüquqları universal xarakter daşıyırsa, azərbaycanlı ailələrin otuz ildən artıq davam edən gözləntiləri də eyni həssaslıqla qarşılanmalıdır. Beynəlxalq təşkilatlar Ermənistanın humanitar təşəbbüslərini yalnız bəyanatların məzmununa görə deyil, konkret əməkdaşlıq addımlarına və əldə olunan nəticələrə əsasən qiymətləndirməlidirlər.

Azərbaycanın mövqeyi aydındır: biz regionda dayanıqlı sülhün, əməkdaşlığın və qarşılıqlı etimadın tərəfdarıyıq. Lakin bu, itkin düşmüş vətəndaşlarımızın taleyinin unudulması hesabına baş verə bilməz. Əksinə, həmin insanların aqibətinin müəyyənləşdirilməsi sülh gündəliyinin mənəvi və humanitar dayaqlarından birinə çevrilməlidir.

İrəvanda keçirilən konfransla bağlı əsas məsələ onun nə qədər beynəlxalq iştirakçı toplaması deyil, neçə ailənin otuz illik sualına cavab verə bilməsidir. Ermənistan üçün əsl səmimiyyət göstəricisi beynəlxalq tribunadan humanizm dərsi vermək yox, əlində olan məlumatları açıqlamaq və itkinlərin taleyinin müəyyənləşdirilməsinə real kömək göstərməkdir. Çünki həqiqətin gizlədildiyi yerdə etimad, etimadın olmadığı yerdə isə dayanıqlı sülh qurmaq mümkün deyil”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə