Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ: qarşılıqlı etimad və geniş əməkdaşlıq perspektivləri - MƏQALƏ
Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin genişləndirilməsi, dünya dövlətləri ilə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas istiqamətlərindəndir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan bu gün regionun mühüm siyasi, iqtisadi və enerji mərkəzlərindən biri kimi beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirir. Ölkəmizin aparıcı dünya dövlətləri ilə qurduğu əməkdaşlıq əlaqələri Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, milli maraqlarının qorunmasına və yeni inkişaf imkanlarının yaranmasına xidmət edir.
Qeyd etmək lazımdır ki, Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və əməkdaşlıq münasibətləri uzun illər ərzində formalaşıb. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu əlaqələrin hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsində mühüm rol oynayıb. Yeni strateji tərəfdaşlıq sənədi isə mövcud münasibətlərin daha geniş sahələri əhatə etməsinə və qarşılıqlı əməkdaşlığın sistemli şəkildə inkişafına imkan yaradır.
Bəyannamədə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyin təsdiqlənməsi xüsusi əhəmiyyət daşıyır. Dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinin ön plana çəkilməsi Azərbaycanın milli maraqları və xarici siyasət prioritetləri baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarı olub və dövlətlərin ərazi bütövlüyünün qorunmasını beynəlxalq təhlükəsizliyin əsas şərtlərindən biri kimi qəbul edib.
Sənəddə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların və 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların əhəmiyyətinin vurğulanması da diqqətəlayiqdir. Azərbaycanın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmiş siyasəti Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir. Böyük Britaniyanın bu prosesə dəstəyini bir daha təsdiqləməsi regionda sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Sülhün təmin olunması yalnız siyasi münasibətlərin normallaşması deyil, həm də iqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması və xalqlar arasında etimadın formalaşması deməkdir.
Birgə Bəyannamənin mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Müasir dünyada artan təhlükəsizlik çağırışları dövlətlər arasında koordinasiyanın və birgə fəaliyyətin əhəmiyyətini daha da artırır. Bu baxımdan tərəflərin müdafiə sahəsində təlimlərin keçirilməsi, təcrübə mübadiləsi, potensialın artırılması və müdafiə sənayesi üzrə əməkdaşlıq imkanlarını araşdırmaq niyyəti xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda hüquq-mühafizə orqanları arasında əlaqələrin gücləndirilməsi, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlığın inkişafı da təhlükəsizlik mühitinin möhkəmləndirilməsinə xidmət edəcək.
Bəyannamədə Orta Dəhlizin inkişafına verilən dəstək Azərbaycanın regional və beynəlxalq nəqliyyat-logistika sistemində artan rolunu bir daha təsdiqləyir. Şərq ilə Qərbi birləşdirən mühüm nəqliyyat marşrutlarından biri olan Orta Dəhliz beynəlxalq ticarətin genişlənməsi və yükdaşımaların səmərəliliyinin artırılması baxımından böyük potensiala malikdir. Azərbaycanın nəqliyyat infrastrukturu, limanları, dəmir yolları və digər logistika imkanları bu marşrutun inkişafında mühüm rol oynayır. Böyük Britaniya ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi ölkəmizin tranzit imkanlarının genişlənməsinə və beynəlxalq iqtisadi əlaqələrinin möhkəmlənməsinə əlavə töhfə verə bilər.
Enerji sahəsində əməkdaşlıq da Azərbaycan-Böyük Britaniya münasibətlərinin strateji əhəmiyyətini müəyyən edən əsas istiqamətlərdəndir. Azərbaycan uzun illərdir beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Yeni Bəyannamədə bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar üzrə əməkdaşlığın nəzərdə tutulması gələcəyə hesablanmış mühüm yanaşmadır. Bu əməkdaşlıq ənənəvi enerji sahəsində mövcud əlaqələrin inkişafı ilə yanaşı, müasir enerji texnologiyalarının tətbiqinə və enerji mənbələrinin şaxələndirilməsinə də şərait yaradır.
Sənəddə təhsil, elm, tədqiqat və innovasiya sahələrinə xüsusi diqqət ayrılması da gələcək inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə dövlətlərin rəqabət qabiliyyəti yalnız təbii resurslarla deyil, həm də insan kapitalı, elmi potensial və texnoloji imkanlarla müəyyən olunur. Bu baxımdan ali təhsil, peşə təhsili, rəqəmsal bacarıqlar və elmi tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün yeni perspektivlər açır.
Xüsusilə süni intellekt, rəqəmsal idarəetmə, innovasiya mühiti və inkişaf etməkdə olan texnologiyalar üzrə təcrübə mübadiləsi ölkəmizin müasir çağırışlara uyğun inkişafına dəstək verə bilər. Universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlıqların qurulması bilik və təcrübənin paylaşılmasına, gənclərin peşəkar hazırlığının yüksəldilməsinə və innovativ təşəbbüslərin təşviqinə xidmət edəcək.
Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlərinin gələcək inkişafı üçün mühüm yol xəritəsi xarakteri daşıyır. Sənəd siyasi dialoqdan müdafiə və təhlükəsizliyə, iqtisadiyyat və enerjidən təhsil, elm və innovasiyaya qədər geniş əməkdaşlıq istiqamətlərini əhatə edir. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq əlaqələrinin şaxələndirilməsi, milli maraqlarının qorunması və ölkəmizin davamlı inkişaf hədəflərinin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB