“Mərkəzi Bank 2027-ci il dövlət büdcəsinin layihəsini müsbət qiymətləndirir” - Taleh Kazımov

“Mərkəzi Bank 2027-ci il dövlət büdcəsinin layihəsini müsbət qiymətləndirir” - Taleh Kazımov

Azərbaycan Mərkəzi Bankı 2027-ci ilin dövlət büdcəsi layihəsini müsbət qiymətləndirir. Qurum hesab edir ki, büdcə siyasətində nəzərdə tutulan yanaşmalar makroiqtisadi sabitliyin və fiskal dayanıqlılığın qorunmasına töhfə verəcək.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.

O bildirib ki, büdcə layihəsinin müsbət qiymətləndirilməsinin əsas səbəblərindən biri cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına maliyyələşdirilməsidir. Bu yanaşma cari xərclərin dayanıqlı maliyyə mənbələri hesabına ödənilməsinə imkan yaradır.

Mərkəzi Bankın sədri qeyd edib ki, Azərbaycan Dövlət Neft Fondundan transfertlərin azaldılması strateji valyuta ehtiyatlarının uzunmüddətli dayanıqlılığının təmin olunması baxımından əhəmiyyətlidir. Eyni zamanda, ümumi büdcə gəlirlərində qeyri-neft gəlirlərinin payının artması ölkənin neft sektorundan asılılığının azaldılmasına xidmət edir.

T.Kazımov vurğulayıb ki, Mərkəzi Bankın təhlillərinə əsasən, cari xərclərin inflyasiyaya təsiri 0,34 faiz bəndi səviyyəsində qiymətləndirilir və bu, əhəmiyyətli təsir hesab edilmir. Əsaslı xərclərin isə inflyasiyaya neytral təsir göstərdiyi bildirilir.

O bildirib ki, fiskal və monetar siyasətlər arasında son illərdə formalaşmış sıx koordinasiyanın növbəti illərdə də davam etdirilməsi makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək.

Mərkəzi Bankın sədri 2027-ci il üzrə monetar siyasətin əsas prioritetinin qiymət sabitliyinin qorunması olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, məzənnə sabitliyinin təmin edilməsi üçün Mərkəzi Bank mövcud alətlərdən istifadə etməyə davam edəcək.

T.Kazımov əlavə edib ki, 2024–2026-cı illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyasının icra səviyyəsi 91 faizə çatıb. Hazırda 2027–2030-cu illəri əhatə edəcək yeni strategiya hazırlanır. Strategiyanın əsas istiqamətləri real sektorun maliyyələşdirilməsinin genişləndirilməsi, rəqəmsallaşma, innovativ həllərin tətbiqi, maliyyə xidmətlərinin əlçatanlığının artırılması və tənzimləmə siyasətinin təkmilləşdirilməsi olacaq.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə