Büdcə intizamı əlverişli iqtisadi şəraitdə qorunmalıdır - Azər Əmiraslanov

Büdcə intizamı əlverişli iqtisadi şəraitdə qorunmalıdır - Azər Əmiraslanov

Əlverişli makroiqtisadi mühitdə büdcə intizamının qorunması xüsusi əhəmiyyət daşıyır. Çünki büdcə gəlirləri baxımından müsbət görünən bazar konyunkturu istənilən vaxt dəyişə bilər.

SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, fiskal siyasət büdcə üçün əlverişli şəraitdə də məsuliyyətli və qənaətcil olmalıdır. Dövlət maliyyə sisteminin dayanıqlılığının əsas sınağı yalnız böhranlı illərdə deyil, gəlirlərin yüksək olduğu dövrlərdə də büdcə vəsaitlərinin ehtiyatla idarə edilməsidir.

Komitə sədri qeyd edib ki, əlverişli bazar konyunkturu şəraitində xərclərin sürətlə artırılması, bazar şərtləri pisləşdikdə isə maliyyə imkanlarının daralması risklər yaradır. Yeni büdcə siyasətinin əsas məqsədlərindən biri məhz bu asılılığın azaldılmasıdır.

A.Əmiraslanovun sözlərinə görə, büdcə zərfində əsaslı xərclər üçün 14,8 milyard manat, o cümlədən dövlət investisiyaları üçün 5,3 milyard manat vəsait nəzərdə tutulub. Bu vəsaitlər fiskal dayanıqlılıq üçün iqtisadi əsasların yaradılmasına xidmət edir.

O vurğulayıb ki, büdcə gəlir və xərclərinin 10,7 faiz artımının qənaətcil olmaması ilə bağlı səsləndirilən fikirlər qiymətləndirilərkən yalnız artım göstəricilərinə deyil, büdcənin strukturuna, dayanıqlılığına və nəticəliliyinə də diqqət yetirilməlidir.

Komitə sədri əlavə edib ki, növbəti ildə icmal büdcənin xərclərinin 50 milyard manat, dövlət büdcəsi xərclərinin isə ümumi daxili məhsulun təxminən 30 faizini təşkil etməsi dövlətin maliyyə imkanlarının genişliyini göstərir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə