Azərbaycan Konstitusiyası – Ulu Öndərin müstəqil dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi xidməti - MƏQALƏ

Azərbaycan Konstitusiyası – Ulu Öndərin müstəqil dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi xidməti - MƏQALƏ

Hər bir müstəqil dövlətin möhkəm təməli onun Konstitusiyası, hüquqi prinsipləri və milli dövlətçilik ənənələridir. Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqillik iradəsini, dövlət suverenliyini, milli dəyərlərini və demokratik inkişaf yolunu özündə əks etdirən ali hüquqi sənəddir. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyası müasir dövlətçiliyimizin formalaşmasında mühüm tarixi mərhələ olmuşdur.​​​Müstəqilliyin ilk illərində Azərbaycan olduqca mürəkkəb siyasi, iqtisadi və hərbi proseslərlə üz-üzə idi. Ölkədə hökm sürən siyasi qeyri-sabitlik, Ermənistanın hərbi təcavüzü və dövlət idarəçiliyində yaranmış böhran müstəqil Azərbaycanın gələcək inkişafı üçün möhkəm hüquqi əsasların yaradılmasını zəruri edirdi. Belə bir çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində tarixi addımlar atdı.​​​​​​​Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya Azərbaycanın müstəqil dövlət kimi inkişafının hüquqi əsaslarını müəyyənləşdirdi. Bu sənəddə dövlət hakimiyyətinin təşkili, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, hakimiyyət bölgüsü prinsipi, demokratik idarəçilik və qanunun aliliyi kimi fundamental prinsiplər öz əksini tapdı. Konstitusiyanın qəbul edilməsi ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini qoydu.​​Ulu Öndər Heydər Əliyev hər zaman bildirirdi ki, dövlətin gücü onun qanunlarına, hüquqi əsaslarına və xalqın bu qanunlara hörmətinə söykənir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan yalnız müstəqilliyini qoruyub saxlamaqla kifayətlənmədi, eyni zamanda, müasir dövlətçilik ənənələrini formalaşdıraraq gələcək inkişafının strateji istiqamətlərini müəyyən etdi. Bu baxımdan Konstitusiyanın qəbul edilməsi Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərinin ən mühüm nümunələrindən biridir.​​​​​​​​​​​Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı tarixi nailiyyətlər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dövlətçilik tariximizin yeni və şərəfli mərhələsini təşkil edir. Bütün ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması müstəqil dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və milli iradəsinin təntənəsidir. Bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi möhkəm dövlətçilik strategiyası və hüquqi əsaslar dayanır.​​​​​​​​​​​12 Noyabr – Konstitusiya Günü hər bir Azərbaycan vətəndaşına dövlət müstəqilliyimizin, hüquqlarımızın və azadlıqlarımızın dəyərini bir daha xatırladır. Bu əlamətdar gün həm də Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi naminə göstərdiyi tarixi xidmətlərə dərin ehtiramın ifadəsidir.​​​​​​​Konstitusiyamız müstəqilliyimizin hüquqi təminatı, dövlətçiliyimizin möhkəm dayağı və gələcək nəsillər üçün əvəzsiz milli sərvətimizdir.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov

Bütün xəbərlər Facebook səhifəmizdə