“Trampın açıqlaması hərbi variantın hələ də gündəmdə olduğunu göstərir” - POLİTOLOQ DANIŞDI
“Hazırki mənzərə onu demyə əsas verir ki, ABŞ-İran münasibətlərində hərbi qarşıdurma təhlükəsi ilə diplomatik razılaşma imkanları paralel şəkildə gündəmdə qalır. Trampın son açıqlamaları Vaşinqtonun Tehranla münasibətlərdə həm hərbi təzyiqi, həm də danışıqlar imkanlarını özündə birləşdirən ikili strategiya həyata keçirdiyini göstərir”.
Bu sözləri politoloq Rəşad Bayramov ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərlə bağlı SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, bir tərəfdən ABŞ prezidenti zərurət yaranarsa İrana qarşı yenidən hərbi əməliyyatlara başlamağa hazır olduğunu bildirir, digər tərəfdən isə Tehranla danışıqların yaxşı getdiyini və hazırda yeni hərbi əməliyyat başlatmaq niyyətində olmadığını vurğulayır:
”Xüsusilə Trampın bu gün yayılmış açıqlaması diqqət çəkir. O, “Financial Times” qəzetinə müsahibəsində ABŞ-ın hazırda İrana qarşı yeni zərbə endirmək planının olmadığını bildirib. Prezident danışıqlarda Vaşinqtonun istədiyi nəticələri əldə etməyə yaxın olduğunu iddia edib və ABŞ ordusunun zərurət yaranacağı təqdirdə hərəkətə hazır olduğunu, lakin hərbi əməliyyata başlamaq üçün səbəb olmaya biləcəyini qeyd edib. Bu açıqlama diplomatik kanalın hələ bağlanmadığını göstərir.
Trampın mövqeyindəki bu dəyişiklik bir neçə amillə izah oluna bilər. İlk növbədə, ABŞ administrasiyası hərbi əməliyyatların yenidən genişlənməsinin regionda daha böyük müharibəyə səbəb ola biləcəyini nəzərə alır. İranın mümkün cavab tədbirləri Fars körfəzi ölkələrinin təhlükəsizliyinə, ABŞ-ın regiondakı hərbi obyektlərinə və İsrailin təhlükəsizliyinə birbaşa təsir göstərə bilər. Digər tərəfdən, Hörmüz boğazında mümkün gərginlik dünya enerji bazarları üçün daha ciddi risk yaradır.
Burada iqtisadi amil də xüsusi əhəmiyyət daşıyır. ABŞ-İran qarşıdurması neft qiymətlərinə, beynəlxalq daşımaların təhlükəsizliyinə və qlobal inflyasiyaya təsir göstərir. Enerji qiymətlərinin yüksəlməsi ABŞ daxilində də siyasi və iqtisadi narazılığı artırır. Bu baxımdan, Tramp administrasiyası üçün hərbi eskalasiyanın qarşısını almaq yalnız xarici siyasət deyil, həm də daxili siyasi sabitlik məsələsidir.
Bununla belə, Vaşinqtonun diplomatik ritorikasına baxmayaraq, hərbi təhlükə tam aradan qalxmayıb. Bilirik ki, noyabrın 2-də ABŞ qüvvələri İranın Qeşm adasındakı hərbi obyektlərinə zərbələr endirib. Trampın ABŞ ordusunun döyüşə hazır vəziyyətdə olduğunu bildirməsi də hərbi variantın masadan götürülmədiyini göstərir. Deməli, Ağ Ev danışıqları davam etdirməklə yanaşı, Tehran üzərində hərbi təzyiq imkanını da saxlamağa çalışır.
Hazırkı diplomatik prosesdə Qətərin vasitəçilik fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Doha Vaşinqton və Tehran arasında dolayı danışıqların davam etdirilməsi, tərəflərin mövqelərinin yaxınlaşdırılması və mümkün razılaşma layihəsinin hazırlanması istiqamətində fəaliyyət göstərir. ABŞ administrasiyasının əsas tələbi İranın nüvə silahına yiyələnməsinin qarşısının alınmasıdır. Tehran isə sanksiyaların aradan qaldırılması, ABŞ-ın dəniz blokadasına son qoyulması və dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsi kimi şərtlər irəli sürür. Bu fərqlər razılaşmanın əldə olunmasını çətinləşdirir.
Beləliklə, Trampın son açıqlamalarını ABŞ-ın İranla münasibətlərdə hərbi qarşıdurmadan diplomatik razılaşmaya keçidi kimi deyil, hər iki istiqamətdə manevr imkanlarını qorumaq cəhdi kimi qiymətləndirmək daha məqsədəuyğundur. Vaşinqton Tehranı danışıqlar masasında güzəştlərə sövq etmək üçün hərbi və iqtisadi təzyiq vasitələrindən istifadə edir. Əgər buna nail ola bilsə, yəni tərəflər nüvə proqramı, Hörmüz boğazının təhlükəsizliyi və sanksiyalar məsələsində kompromis əldə edə bilsələr, regionda gərginliyin azaldılması üçün imkan yarana bilər. Əks halda, məhdud hərbi insidentlərin daha geniş qarşıdurmaya çevrilməsi riski artacaq. Bunun isə yalnız Yaxın Şərqə deyil, qlobal enerji təhlükəsizliyinə və beynəlxalq iqtisadi sabitliyə də ciddi təsir göstərəcəyi şübhəsizdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB