"Ermənistan əsir və girovlarla bağlı beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməlidir" - VƏKİL
"Silahlı münaqişələr zamanı müharibə qurbanlarının müdafiəsi beynəlxalq humanitar hüququn əsasını təşkil edir. 1949-cu il tarixli Cenevrə Konvensiyaları — xüsusilə hərbi əsirlərlə rəftara dair III və mülki əhalinin müdafiəsinə dair IV Konvensiyalar, eləcə də Haaqa Konvensiyaları — mülki şəxslərin girov götürülməsini qəti qadağan edir, hərbi əsirlərin isə həyatı və sağlamlığına görə onları ələ keçirən dövlətin üzərinə birbaşa və tam məsuliyyət qoyur".
Məsələ ilə bağlı vəkil Mircavid Miriyev SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) qeydiyyatında olan və Ermənistanın nəzarətində saxlanıldığı təsdiqlənmiş 33 azərbaycanlı əsir və girovun saxlanma yerlərində həyatını itirməsi, eləcə də minlərlə soydaşımızın taleyinin hələ də gizli saxlanılması beynəlxalq öhdəliklərin açıq şəkildə pozulmasıdır:
"BQXK qeydiyyatı həmin şəxslərin Ermənistanın yurisdiksiyası altında olduğunu təkzibolunmaz fakt kimi sübut edir. 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanmış sülh sazişi layihəsinin 9-cu maddəsi də itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasını, məlumat mübadiləsini və insan qalıqlarının qaytarılmasını birbaşa hüquqi öhdəlik kimi təsbit edir. Bu öhdəliklərin pozulması konkret hüquqi məsuliyyət yaradır. Burada məsuliyyət həm dövlət, həm də fərdi cinayət müstəvisində təsbit olunub:
Birincisi, dövlətin beynəlxalq-hüquqi məsuliyyətidir. 1949-cu il Cenevrə Konvensiyalarına I Əlavə Protokolun 91-ci maddəsinə əsasən, humanitar hüquq normalarını pozan dövlət dəymiş maddi və mənəvi zərərə görə təzminat (kompensasiya) ödəməyə məsuldur. Dövlət öz silahlı qüvvələrinin törətdiyi bütün qanunsuz əməllərə görə birbaşa cavabdehdir. Azərbaycan tərəfi artıq bu pozuntularla bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində və Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) dövlətlərarası iddialar qaldırıb. AİHM presedentlərinə görə, dövlət nəzarətində olan şəxsin ölümü və ya yoxa çıxması ilə bağlı effektiv araşdırma aparmadıqda Konvensiyanın 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan olunması) maddələrini pozmuş sayılır və maddi cərimələrə, təzminat ödənişlərinə məhkum edilir. Bundan əlavə, öhdəliklərdən yayınan dövlətlərə qarşı diplomatik təcrid, silah embarqosu və aktivlərin dondurulması kimi beynəlxalq sanksiya mexanizmləri mövcuddur.
İkincisi, fərdi cinayət məsuliyyəti .Əsir və girovlara işgəncə verilməsi, onların qətlə yetirilməsi və ya vətənə qaytarılmasının əsassız gecikdirilməsi ağır müharibə cinayətidir.
Onu da qeyd edim ki, bu növdən olan cinayətləri törədənlər barəsində milli qanunvericilikdə və beynəlxalq səviyyədə cəzalandırma nəzərdə tutulub: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115 və 116-cı maddələrinə əsasən, müharibə qanunlarını və adətlərini pozma, eləcə də işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə və ya onların üzərində tibbi, bioloji və başqa tədqiqatlar aparma, o cümlədən daxili orqanları köçürmə üçün çıxarma və ya öz qoşunlarını və ya obyektləri hərbi əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər kimi istifadə etmə, yaxud belə şəxsləri girov kimi saxlama və ya mülki əhalini məcburi işlərə cəlb etmə və ya digər məqsədlər üçün qanuni yerləşdiyi yerlərdən məcburi köçürmə, həmçinin əsir və mülki şəxslərin qaytarılmasını gecikdirmə müvafiq olaraq beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə və on ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beynəlxalq Cinayət Məhkəməsi və xüsusi tribunallar bu cinayətləri törədən icraçıları və əmr verən komandirləri uzun müddətli azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzasına məhkum edir.
Ən mühüm hüquqi prinsip ondan ibarətdir ki, müharibə cinayətlərinə görə iddia müddəti tətbiq edilmir — bu cinayətlər heç vaxt köhnəlmir. Təqsirkar şəxslər öz ölkələrində cəzalandırılmasalar belə, "universal yurisdiksiya" prinsipinə əsasən dünyanın istənilən ölkəsində həbs edilərək mühakimə oluna bilərlər. Nəticə etibarilə, ədalətin bərpası və davamlı sülh üçün Ermənistan beynəlxalq hüququn və Vaşinqton razılaşmalarının tələblərinə əməl etməli, 33 nəfərin ölüm səbəblərini obyektiv araşdırmalı, itkin düşənlərin taleyinə aydınlıq gətirməli və müharibə cinayətkarlarını ədalət mühakiməsinə təhvil verməlidir. Hüquqi məsuliyyət qaçılmazdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB