Black Friday, böyük endirimlər, yoxsa böyük illüziya? - KÖŞƏ

Black Friday, böyük endirimlər, yoxsa böyük illüziya? - KÖŞƏ

Hər il noyabr ayı yaxınlaşanda mağazaların vitrinləri, reklam lövhələri və sosial şəbəkələr bir-birinə bənzəyir. Hər yerdə eyni sözlər: “Black Friday”, “Möhtəşəm endirim”, “Son fürsət”, “Yalnız bu gün!”. Faizlər böyüdükcə insanın alış-veriş həvəsi də artır. Elə bil qarşımıza həyatımızın ən böyük fürsəti çıxıb və onu qaçırsaq, bir daha belə şansımız olmayacaq.

Amma bir sual var: Bu endirimlər həqiqətən cibimizə qənaət etdirir, yoxsa bizi daha çox pul xərcləməyə sövq edən ustalıqla hazırlanmış marketinq oyunudur?

Bəzən mağazada 300 manata satılan məhsulun qiyməti Black Friday zamanı 150 manata düşür. İnsan sevinir, çünki yarı qiymətinə alış-veriş etdiyini düşünür. Halbuki həmin məhsul bir neçə gün əvvəl 180 manata satılırdısa, burada real endirimdən çox, süni şəkildə yaradılmış qiymət fərqi var. Alıcı 150 manat ödəməklə qənaət etdiyini zənn edir, əslində isə ehtiyac duymadığı məhsula pul xərcləyir.

Daha bir maraqlı məqam isə budur: görəsən, Black Friday endirimləri həqiqətən bütün məhsullara şamil olunur, yoxsa mağazaların uzun müddət satılmayan, mövsümü keçmiş, köhnə kolleksiyalardan qalan və ya tələbatı az olan məhsullarına?

Əlbəttə, bütün mağazaları eyni tərəzidə çəkmək olmaz. Bəzi şirkətlər həqiqətən ciddi endirimlər edir, müştərilərinə sərfəli alış imkanı yaradır. Lakin bəzi hallarda endirim adı altında alıcıya təqdim edilən məhsulların seçimi məhdud olur, ən çox arzulanan modellər isə ya endirimə düşmür, ya da “artıq tükənib” deyilir. Beləcə, müştəri böyük endirim gözlədiyi halda, qarşısında yalnız mağazanın satmaqda çətinlik çəkdiyi məhsulları görür.

Ən təhlükəlisi isə insan psixologiyasına təsirdir. “Son 3 məhsul”, “Endirim bitməsinə 10 dəqiqə qalıb”, “Bu fürsəti qaçırmayın!” kimi ifadələr bizi düşünmədən qərar verməyə məcbur edir. Biz məhsula ehtiyacımız olub-olmadığını yox, onu başqası alıb qurtarmadan əldə etməyə çalışırıq. Bir anlıq həyəcanla aldığımız əşya isə bir neçə gün sonra evimizin küncündə unudulur.

Black Friday əslində alıcı üçün fürsət olmalıdır, tələyə çevrilməməlidir. Endirim insanı sevindirməli, sonradan peşman etməməlidir. Həqiqi qənaət qiymətin üzərində yazılan böyük faizlə deyil, alış-verişdən sonra cibimizdə qalan pulla ölçülür.

Bəlkə də bu il Black Friday zamanı özümüzə bir sual verək: “Mən bu məhsulu həqiqətən istəyirəm, yoxsa sadəcə endirimdə olduğu üçün alıram?”

Çünki bəzən ən böyük endirim heç nə almamaqdır. Ən ağıllı alış-veriş isə reklamın səsinə deyil, öz ehtiyacımıza qulaq asmaqdır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə