Həssaslıq xarakter xüsusiyyətidir, yoxsa uşaqlıq travmaları, özgüvən əskikliyi və emosional ehtiyaclarla bağlıdır? - RƏY
Həddindən artıq həssaslıq çox vaxt insanın sadəcə xarakter xüsusiyyəti kimi qiymətləndirilsə də, əslində bunun arxasında daha dərin psixoloji səbəblər dayana bilər. Bəzi insanlar ətrafdakıların sözlərinə, davranışlarına və münasibətlərinə digərlərindən daha həssas yanaşırlar. Hətta qarşı tərəfin adi bir ifadəsi belə onlarda uzun müddət davam edən düşüncələrə, narahatlığa və özünü günahlandırma hissinə səbəb ola bilər.
Bu sözləri SİA-ya psixoloq Zeynəb Eyyubova deyib.
O bildirib ki, burada ilk növbədə onu qeyd etmək lazımdır ki, həssaslıq özlüyündə mənfi xüsusiyyət deyil:
“Həssas insanlar adətən empatiya qabiliyyəti yüksək, diqqətli və emosional baxımdan müşahidəçi olurlar. Lakin bu həssaslıq insanın gündəlik həyatına, münasibətlərinə və daxili rahatlığına mane olmağa başlayırsa, artıq bunun səbəblərini araşdırmaq vacibdir.
Həddindən artıq həssaslığın formalaşmasında uşaqlıq təcrübələrinin xüsusi rolu ola bilər. Məsələn, uşaqlıqda tez-tez tənqid olunan, fikirləri nəzərə alınmayan, sevgini və qəbul edilməni müəyyən davranışlardan asılı şəkildə hiss edən insanlar böyüdükdə başqalarının münasibətinə qarşı daha həssas ola bilirlər. Belə insanlarda zamanla “Görəsən, nəyisə səhv etdim?”, “Məndən incidilər?”, “Məni artıq əvvəlki kimi istəmirlər?” kimi düşüncələr formalaşa bilər.
Digər mühüm amil özgüvən və özünüdəyər hissidir. İnsan öz dəyərini başqalarının ona münasibəti ilə ölçürsə, qarşı tərəfin gec cavab verməsi, soyuq davranması və ya adi bir iradı belə onun üçün ciddi emosional hadisəyə çevrilə bilər. Çünki həmin anda insan hadisənin özündən daha çox, bu hadisənin onun haqqında nə demək olduğunu düşünür.
Bəzən isə bu vəziyyət qarşılanmamış emosional ehtiyaclarla bağlı olur. Sevilmək, qəbul edilmək, diqqət görmək və güvəndə hiss etmək ehtiyacları kifayət qədər qarşılanmadıqda insan başqalarının davranışlarında daim bu ehtiyacların təsdiqini axtara bilər. Nəticədə ən kiçik münasibət dəyişikliyi belə narahatlıq yaradır.
Bu vəziyyətdən çıxmaq üçün ilk növbədə insan öz düşüncələrini müşahidə etməyi öyrənməlidir. Qarşı tərəfin davranışı ilə bizim həmin davranışa verdiyimiz məna eyni şey deyil. Məsələn, bir insanın mesaja gec cavab verməsi mütləq şəkildə bizi önəmsəmədiyi və ya bizdən incidiyi anlamına gəlmir. Bəzən biz faktlardan çox, öz qorxularımızın yaratdığı ehtimallara inanırıq.
İkinci vacib məqam özünüdəyər hissini gücləndirməkdir. İnsan başqalarının münasibətindən asılı olmayaraq öz dəyərini qorumağı bacarmalıdır. Hər kəsi razı salmaq, heç kimi incitməmək və daim sevilən insan olmaq mümkün deyil. Sağlam psixoloji vəziyyət üçün başqalarının fikirlərini nəzərə almaqla yanaşı, öz ehtiyaclarını və sərhədlərini də qorumaq lazımdır.
Bununla yanaşı, emosiyaları boğmaq əvəzinə onları tanımaq və tənzimləmək vacibdir. İnsan özündən soruşmalıdır: “Mən hazırda həqiqətən qarşı tərəfin davranışından incimişəm, yoxsa bu davranış məndə əvvəldən mövcud olan rədd edilmə və dəyərsizlik qorxusunu oyadıb?”
Əgər bu düşüncələr davamlı xarakter daşıyırsa, insanın yuxusuna, işinə, münasibətlərinə və gündəlik həyatına təsir edirsə, psixoloq dəstəyi almaq məqsədəuyğundur. Psixoterapiya vasitəsilə insan öz emosional reaksiyalarının kökünü anlaya, keçmiş təcrübələrinin bugünkü münasibətlərinə təsirini görə və daha sağlam düşüncə modelləri formalaşdıra bilər.
Sonda vurğulamaq istərdim ki, məqsəd həssaslığı tamamilə aradan qaldırmaq deyil. Məqsəd həssaslığın insanın həyatını idarə etməsinə imkan verməməkdir. İnsan həm duyğulu, həm empatik, həm də emosional baxımdan güclü ola bilər. Bunun üçün başqalarının hər davranışını özünə qarşı yönəlmiş mesaj kimi qəbul etməməyi və öz dəyərini başqalarının münasibətindən asılı görməməyi öyrənməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB