"Ermənistan itkin düşmüş azərbaycanlılarla bağlı həqiqətləri gizlətməməlidir" - ŞƏRH EDİLDİ
"Ermənistanla Azərbaycan arasında sülh gündəliyi çərçivəsində həlli vacib olan bir çox məsələlər var. Burada nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi, mina xəritələrinin Azərbaycana verilməsi, xüsusilə də itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi böyük əhəmiyyət daşıyır".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
.jpg)
O bildirib ki, Birinci Qarabağ müharibəsi dövründə Ermənistanın silahlı təcavüzü, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və müharibə cinayətləri nəticəsində ölkəmizin yüzlərlə vətəndaşı Ermənistan tərəfindən girov və əsir götürülüb. Onların böyük əksəriyyətinin taleyi bu günə qədər məlum deyil. Çox güman ki, həmin şəxslər girov və əsir götürüldükləri dövrdən etibarən qətlə yetirilib, xüsusi amansızlıqla öldürülüb və kütləvi məzarlıqlarda dəfn olunublar. Bu faktlar son illərdə aparılan araşdırmalar və təhqiqatlar nəticəsində zaman-zaman aşkarlanıb:
"Həmin itkin düşmüş şəxslər hazırda sağ olmasalar belə, Ermənistan onların taleyinə birmənalı şəkildə aydınlıq gətirməlidir. Bu, Azərbaycanın Ermənistandan tələb etdiyi əsas məsələlərdən biridir. Ermənistan tərəfi isə təəssüf ki, bu məsələlərlə bağlı hələ də heç bir açıqlama vermək və ya hesabat təqdim etmək istəmir, bu faktları gizlətməyə çalışır. Çünki Ermənistan tərəfi də yaxşı bilir ki, həmin itkin düşmüş şəxslər zaman-zaman Ermənistanda girov saxlanılıb, onlara qarşı xüsusi amansızlıqla cinayətlər törədilib, işgəncələr verilib və nəhayət, onlar müxtəlif üsullarla, ən qəddar formada qətlə yetiriliblər.
Buna baxmayaraq, Ermənistan tərəfi bu humanitar məsələnin həlli istiqamətində konkret addımlar atmaq istəmir. Məsuliyyət isə, təbii ki, yenə də rəsmi İrəvanın üzərindədir. Buna görə də sülh prosesi və sülh gündəliyi çərçivəsində bu məsələ də araşdırılmalı, Azərbaycanın haqlı tələbi yerinə yetirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB