"Xaricdə təhsil alan gənclərin ölkəyə qayıdışı və biliklərini bölüşməsi vacibdir" - TƏHSİL EKSPERTİ

"Xaricdə təhsil alan gənclərin ölkəyə qayıdışı və biliklərini bölüşməsi vacibdir" - TƏHSİL EKSPERTİ

"Xaricdə təhsil alan gənclərin qazandıqları bilik və təcrübəni ölkəmizdə tətbiq etmələri, bunun üçün imkanların yaradılması ilə bağlı bir neçə məqamı qeyd etmək istərdim".

Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

Ekspert bildirib ki, ilk növbədə, dövlət proqramı əsasında xaricdə təhsil almağa gedən gənclər sonradan ölkəyə qayıdaraq təcrübələrini burada bölüşürlər:

"Düşünürəm ki, onların bilik və təcrübələri kadr hazırlığında, dövlət prinsiplərinin və strateji istiqamətlərin müəyyənləşdirilməsində çox yararlı və faydalı olur. Digər tərəfdən, burada maarifləndirmə tədbirlərinin keçirilməsi də vacibdir. Bəli, xaricə gedən gənclərimizin bir çoxu geniş dünyagörüşünə və yüksək intellektə sahibdir. Məsələ bu deyil. Amma onların arasında ölkəyə qayıtmaq istəməyənlər də var. Öz həyatlarını və karyeralarını başqa ölkədə davam etdirmək, başqa ölkələrin şəraitinə uyğunlaşdırmaq istəyirlər. Təbii ki, heç kimin fikrinə qarışmaq olmaz. Hər kəsin seçim azadlığı var. Amma vətəndaşlıq borcu deyilən bir anlayış da mövcuddur. Məsələn, mən xaricdə təhsil almışamsa, müəyyən bir sahə üzrə bilik qazanmışamsa, başa düşməliyəm ki, mənim əldə etdiyim təhsili ölkəmdə minlərlə, bəlkə də on minlərlə gənc almaq imkanına malik deyil. Mənim əldə etdiyim bilik və imkanlar onlarda yoxdur. Mən geri qayıdaraq bu bilikləri müəyyən sayda insanla bölüşə bilərəm. Sonra onlar da öz növbəsində başqalarına bilik ötürə bilərlər. Beləcə, bu proses həndəsi silsilə ilə artmış olar. Bu, insanın öz vətənində edə biləcəyi ən böyük dəstəklərdən biridir. Bəlkə də vətəndaşlıq borcunun ən mühüm nümunələrindən biridir.

Biz nəyə şahid oluruq? İnsan bəzən fərqinə varmadan bu yolla vətəninə xidmət etmiş olur. Təsəvvür edin, mən xaricdə təhsil alıram, ölkəyə qayıdıram və özümlə yanaşı, daha 10 kadr yetişdirirəm. Həmin 10 kadrın hər biri də öz növbəsində başqa 10 kadr yetişdirir. Beləcə, bu proses həndəsi silsilə ilə artır. Mən sabah, bir gün qocalanda belə, qoyduğum bu əməl davam edəcəksə, deməli, başladığım iş öz nəticəsini vermiş olacaq. İlk addımı atan insanın qoyduğu bu ənənə davam edəcəksə, bu, həmin insanın fəaliyyətinin və əməyinin yaşadığını göstərir. Bu cür detallar da nəzərə alınmalıdır. Dövlət proqramı çərçivəsində, dövlət hesabına xaricə təhsil almağa gedənlərin əksəriyyəti onsuz da ölkəyə qayıdır. Bəs öz hesabına xaricdə təhsil alan və ya başqa məqsədlərlə xaricə gedən gənclərlə bağlı nəsə edə bilərikmi? Bu, sonrakı mərhələnin işidir. Amma onların arasında da maarifləndirici tədbirlər mütləq aparılmalıdır. Hər şeyi mütləq qaydalar çərçivəsində tələb etməkdənsə, bu düşüncəni daha çox vətəndaşlıq borcu istiqamətində yaymaq lazımdır. İnsan öz vətəninə təkcə “mütləq qayıtmalıyam” və ya “qayıda bilərəm” düşüncəsi ilə deyil, “mən bunu istəyirəm, ürəkdən istəyirəm” deyərək qayıtmalıdır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə