"Yerli universitetlərin xarici ali təhsil müəssisələri ilə ikili diplom və mübadilə proqramları genişlənir" - EKSPERT
"Xaricdə təhsil alan gənclərin qazandıqları bilik və təcrübənin ölkəmizə gətirilməsi, ilk növbədə, onların Azərbaycanda öz potensiallarını reallaşdıra bilmələri üçün lazımi şəraitin yaradılmasından asılıdır. Hesab edirəm ki, bu məsələyə yalnız xaricdə təhsil alan gənclərin ölkəyə qayıtması prizmasından yanaşmaq düzgün olmaz".
Bu sözləri təhsil eksperti Çingiz Səfərli SİA-ya açıqlamasında deyib.
O, bildirib ki, əsas məqsəd onların qazandıqları bilik, təcrübə və beynəlxalq əlaqələrdən Azərbaycanın inkişafı naminə istifadə etməkdir:
"Bunun üçün ilk növbədə həmin gənclərin ölkəmizdə işləməsi, elmi fəaliyyətlə məşğul olması, öz təşəbbüs və layihələrini həyata keçirməsi üçün əlverişli imkanlar yaradılmalıdır. Xüsusilə yüksək texnologiyalar, mühəndislik, tibb, süni intellekt, biotexnologiya və digər prioritet sahələr üzrə xaricdə təhsil almış mütəxəssislərin ölkəmizdəki universitetlərə, elmi-tədqiqat müəssisələrinə və sənaye sektoruna cəlb olunması vacibdir. Onların real bilik və bacarıqlarına, beynəlxalq təcrübələrinə və potensiallarına uyğun iş imkanları yaradılmalıdır.
Digər mühüm məsələ xaricdə təhsil almış gənclərin yerli ali təhsil müəssisələri ilə əlaqələrinin qorunmasıdır. Məsələn, həmin gənclər xaricdə təhsil aldıqları müddətdə Azərbaycanın universitetləri ilə birgə elmi layihələrdə iştirak edə, təcrübələrini yerli tələbələrlə bölüşə, onlayn mühazirələr və seminarlar keçirə bilərlər. Yəni onların mütləq fiziki olaraq Azərbaycanda olması şərt deyil. Əsas məsələ əldə etdikləri təcrübənin ölkəmizə ötürülməsi üçün davamlı mexanizmlərin qurulmasıdır.
Beynəlxalq təhsil əməkdaşlığına gəldikdə isə hesab edirəm ki, bu istiqamətdə yalnız universitetlər arasında memorandumların imzalanması ilə kifayətlənmək olmaz. Əməkdaşlıq real nəticələr verməlidir. Birgə və ikili diplom proqramlarının genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin artırılması, xarici universitetlərin professorlarının ölkəmizdə mühazirələrə və elmi fəaliyyətə cəlb olunması, ortaq tədqiqat laboratoriyalarının yaradılması bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda Azərbaycan universitetlərinin xarici ali təhsil müəssisələri ilə yalnız tədris deyil, elmi-tədqiqat istiqamətində də əməkdaşlığı genişləndirilməlidir. Çünki beynəlxalq əməkdaşlıq dedikdə təkcə tələbələrin xaricə göndərilməsi nəzərdə tutulmamalıdır. Yerli universitetlərdə də beynəlxalq akademik mühit formalaşmalı, xarici alimlər, tədqiqatçılar və tələbələr üçün cəlbedici imkanlar yaradılmalıdır.
Bu gün ölkəmizdə də həmin istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirilir. Məsələn, 2022–2028-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində gənclərin nüfuzlu xarici universitetlərdə təhsil alması ilə yanaşı, onların ölkəmizdə məşğulluğunun təşviqi də nəzərdə tutulur. Eyni zamanda yerli universitetlərin xarici ali təhsil müəssisələri ilə ikili diplom və mübadilə proqramları genişlənir.
Mən hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıqların əsas nəticəsi Azərbaycan universitetlərinin öz akademik və elmi potensialını gücləndirməsi olmalıdır. Xaricdə təhsil almış gənclər ölkəyə qayıtdıqda burada da beynəlxalq universitetlərdə qazandıqları təcrübəni tətbiq edə bilməlidirlər. Əks halda, biz yalnız gəncləri xaricdə oxutmaqla kifayətlənərik, amma onların əldə etdiyi bilik və təcrübənin ölkənin inkişafına verdiyi töhfəni tam reallaşdıra bilmərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB