ADU ilə Honam Universiteti əməkdaşlıq sazişi imzaladı

ADU ilə Honam Universiteti əməkdaşlıq sazişi imzaladı

Noyabrın 20-də Cənubi Koreyanın Honam Universitetinin rektoru Sanqçeol Park və nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin qonağı olub.

SİA xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Rektor Azərbaycan və Cənubi Koreya arasında mövcud olan dostluq münasibətlərinin təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın daha da gücləndirilməsi üçün universitetlərarası əlaqələrin inkişafının, tələbə və müəllim mübadiləsinin, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

ADU-da fəaliyyət göstərən Koreya Araşdırmalar Mərkəzinin fəaliyyəti haqqında məlumat verən rektor mərkəzin Koreya dilinin, ədəbiyyatının, tarixinin və mədəniyyətinin öyrənilməsi, eləcə də Azərbaycan və Cənubi Koreya arasında akademik və mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm platforma olduğunu qeyd edib.

Universitetlər arasında müəllim və tələbə mübadiləsinin əhəmiyyətindən danışan akademik Kamal Abdulla bu cür təşəbbüslərin akademik təcrübənin paylaşılması, elmi əlaqələrin genişləndirilməsi və tələbələrin beynəlxalq təhsil imkanlarından yararlanması baxımından mühüm rol oynadığını vurğulayıb.

Görüş zamanı Cənubi Koreyanın Honam Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılması təklifi irəli sürülüb. Qeyd olunub ki, belə bir mərkəzin fəaliyyətə başlaması Azərbaycan dilinin, ədəbiyyatının və milli-mədəni irsinin Cənubi Koreyada tanıdılması, eləcə də iki ölkə arasında humanitar və akademik əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli addım ola bilər.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Honam Universitetinin rektoru Sanqçeol Park Azərbaycan Dillər Universiteti ilə tanışlıqdan məmnunluğunu ifadə edib.

O, iki universitet arasında əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı akademik təcrübə mübadiləsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin Azərbaycan dili və mədəniyyətinin Cənubi Koreyada tanıdılması istiqamətində irəli sürülən təklifi müsbət qiymətləndirib.

Universitetlər arasında elmi və mədəni əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışan Sanqçeol Park qarşılıqlı təcrübə mübadiləsinin, birgə elmi layihələrin və mədəni tədbirlərin həyata keçirilməsinin hər iki ali təhsil müəssisəsi üçün yeni imkanlar yaradacağını bildirib.

Görüşün sonunda Azərbaycan Dillər Universiteti və Honam Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənəd iki ali təhsil müəssisəsi arasında akademik əlaqələrin inkişaf etdirilməsini, müəllim və tələbə mübadiləsinin təşviqini, elmi və mədəni sahələrdə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə