"Azərbaycan-Vyetnam tərəfdaşlığı ölkəmizin beynəlxalq əməkdaşlıq coğrafiyasının genişlənməsinin mühüm nümunəsidir" - ŞƏRH
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin xarici siyasət prioritetləri, beynəlxalq əməkdaşlıq strategiyası və Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində özünün milli maraqlarına əsaslanan, qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və qarşılıqlı faydaya söykənən əməkdaşlıq modelini ardıcıl şəkildə inkişaf etdirir". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən əsas məqamlardan biri Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərinə verilən xüsusi önəmdir:
"Təxminən yetmiş ilə yaxın tarixə malik bu dostluğun əsasında iki xalqın qarşılıqlı rəğbəti, siyasi etimadı və əməkdaşlıq ənənələri dayanır. 1959-cu ildə Vyetnamın lideri Ho Şi Minin Bakıya səfəri ilə möhkəmlənən əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin də xüsusi xidmətləri olub. 1983-cü ildə onun rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri, ölkənin müxtəlif regionlarını əhatə edən görüşlər və əldə olunmuş razılaşmalar ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirib. Bu tarixi faktlar göstərir ki, Azərbaycan-Vyetnam dostluğu təsadüfi siyasi yaxınlaşma deyil, möhkəm tarixi təmələ malik münasibətlər sistemidir.
Bu gün həmin ənənələr Prezident İlham Əliyev tərəfindən yeni geosiyasi və iqtisadi reallıqlara uyğun olaraq davam etdirilir. Xüsusilə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və səfər çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Sənəd iki ölkənin əməkdaşlığını ənənəvi siyasi dialoq çərçivəsindən çıxararaq energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər mühüm sahələri əhatə edən geniş tərəfdaşlıq platformasına çevirmək məqsədi daşıyır.
Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan-Vyetnam münasibətləri yalnız dövlət başçıları səviyyəsində siyasi təmaslarla məhdudlaşmır. Hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları, müvafiq dövlət qurumları, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq bu əlaqələrin institusional əsaslarını möhkəmləndirir. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət də ölkələrimizin beynəlxalq məsələlərə dair dialoqunun əhəmiyyətini artırır. Bu, Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin və çoxşaxəli beynəlxalq tərəfdaşlığın xüsusi yer tutduğunu nümayiş etdirir.
Müsahibədə iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi məsələsinə də geniş yer ayrılıb. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi müsbət dinamikanın göstəricisidir. Bununla belə, Prezidentin vurğuladığı kimi, mövcud göstəricilər tərəflərin real iqtisadi potensialını tam əks etdirmir. Hər iki ölkənin sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat və digər sahələrdə malik olduğu imkanlar ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Energetika əməkdaşlığı bu münasibətlərin ənənəvi və perspektivli istiqamətlərindən biridir. Azərbaycan neft sənayesinin zəngin təcrübəsi, müasir enerji infrastrukturu və beynəlxalq enerji bazarlarında mövqeyi ilə Vyetnam üçün əhəmiyyətli tərəfdaşdır. Bu baxımdan SOCAR ilə PetroVietnam arasında əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi sahələrdə birgə fəaliyyət üçün yeni imkanlar açır. Eyni zamanda, bərpaolunan enerji sahəsində əməkdaşlıq perspektivləri də diqqətəlayiqdir.
Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatına marağının artması da qarşılıqlı iqtisadi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir. ROX Group şirkətinin tikinti, infrastruktur, Günəş və külək enerjisi layihələrində iştiraka maraq göstərməsi, 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müvafiq sənədlərin imzalanması bu baxımdan mühüm hadisədir. Bu əməkdaşlıq Azərbaycanın investisiya cəlbediciliyinin və beynəlxalq biznes tərəfdaşları üçün yaratdığı imkanların göstəricisi kimi qiymətləndirilə bilər.
Prezidentin müsahibəsində xüsusi diqqət yetirdiyi digər strateji istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, yaradılmış müasir nəqliyyat infrastrukturu və beynəlxalq tranzit imkanları ölkəmizi Şərqlə Qərb arasında mühüm əlaqələndirici mərkəzə çevirib. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan üzərindən tranzit daşımalarının həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olması bu sahədə əməkdaşlığın genişləndiyini göstərir.
Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi Vyetnamın Avropa bazarlarına çıxışı, eləcə də əks istiqamətdə yükdaşımaların təşkili üçün yeni imkanlar yaradır. Bu marşrutlardan səmərəli istifadə həm Azərbaycanın beynəlxalq logistika sistemində rolunu gücləndirə, həm də Vyetnamın xarici ticarət əlaqələrinin şaxələndirilməsinə töhfə verə bilər. Beləliklə, coğrafi baxımdan bir-birindən uzaqda yerləşən iki ölkə nəqliyyat və logistika sahəsində ortaq iqtisadi maraqlar əsasında daha sıx əməkdaşlıq qura bilər.
Müsahibənin mühüm istiqamətlərindən biri də humanitar, elmi və mədəni əlaqələrdir. Azərbaycan-Vyetnam münasibətlərinin uzunömürlülüyünü təmin edən əsas amillərdən biri xalqlar arasında formalaşmış mənəvi yaxınlıqdır. Bu baxımdan Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil layihələri xüsusi əhəmiyyət daşıyır. Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək, müxtəlif təhsil təşəbbüsləri və digər xeyriyyə layihələri Azərbaycan xalqının humanizm və həmrəylik dəyərlərinin beynəlxalq miqyasda təcəssümüdür.
Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də humanitar münasibətlərin möhkəmləndirilməsi baxımından əlamətdar olub. Səfər zamanı Vyetnamın dövlət və ictimaiyyət nümayəndələri, yaradıcı ziyalılar, Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə keçirilən görüşlər, eləcə də təhsil müəssisələrinə göstərilən dəstək xalqlarımız arasında humanitar əlaqələrin genişlənməsinə xidmət edir.
Təhsil sahəsində əməkdaşlığın zəngin tarixi ənənələrə söykənməsi də diqqətəlayiqdir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması, sonradan qazandıqları bilik və təcrübəni öz ölkələrinin inkişafına yönəltməsi iki ölkə arasında elmi və akademik əlaqələrin tarixi miqyasını göstərir. Bu gün universitetlərarası müqavilələr, memorandumlar və təhsil qrantları həmin ənənələrin davam etdirilməsinə imkan yaradır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə tarixi dostluğun və qarşılıqlı ehtiramın rəmzi hadisəsidir.
Mədəniyyət sahəsində də əlaqələrimiz ardıcıl inkişaf edir. 2026-cı ildə Vyetnam Günlərinin ilk dəfə Bakı ilə yanaşı Qəbələdə də keçirilməsi, vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşri mədəni dialoqun yeni istiqamətlərini ortaya qoyur. Bəstəkar Qara Qarayevin “Vyetnam süitası”, rejissor Əjdər İbrahimovun Vyetnam kinematoqrafiyasının inkişafına verdiyi töhfələr isə bu dostluğun mədəniyyət tariximizdəki dərin izlərini xatırladır.
Azərbaycanın 2024-cü ildə Vyetnamda baş vermiş “Yaqi” fırtınasının, eləcə də 2025-ci ildə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılmasına maliyyə yardımı göstərməsi də münasibətlərimizin humanitar mahiyyətini ifadə edir. Dostluq yalnız xoş günlərdə qurulan münasibət deyil, çətin məqamlarda qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməkdir.
Bütövlükdə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin keçmişinə, bugünkü vəziyyətinə və gələcək inkişaf perspektivlərinə kompleks baxışı əks etdirir. Müsahibədə diqqət çəkən əsas məqam tarixi dostluq ənənələrinin konkret iqtisadi, siyasi və humanitar əməkdaşlıq mexanizmləri ilə zənginləşdirilməsidir.
Bu gün Vyetnam Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatlarından birinə, Azərbaycan isə Cənubi Qafqazın mühüm energetika və logistika mərkəzinə malikdir. Hər iki ölkənin coğrafi mövqeyi, iqtisadi resursları və beynəlxalq əməkdaşlıq imkanları bir-birini tamamlayan ciddi potensial yaradır. Bu potensialın reallaşdırılması yeni bazarlara çıxış, qarşılıqlı investisiyaların artırılması, birgə istehsal və texnologiya layihələrinin həyata keçirilməsi baxımından mühüm nəticələr verə bilər.
Əminliklə demək olar ki, Azərbaycan-Vyetnam münasibətləri artıq tarixi dostluq mərhələsindən çoxşaxəli strateji tərəfdaşlıq mərhələsinə keçib. Prezident İlham Əliyevin səfəri və müsahibəsində ifadə olunan yanaşma bu tərəfdaşlığın gələcək inkişafı üçün prioritetləri aydın şəkildə müəyyənləşdirir. Əsas hədəf mövcud siyasi etimadı iqtisadi və humanitar sahələrdə konkret nəticələrə çevirmək, xalqlarımızın rifahına xidmət edən yeni əməkdaşlıq platformaları yaratmaqdır.
Tarixi dostluq, qarşılıqlı etimad və ortaq inkişaf maraqları üzərində qurulan Azərbaycan-Vyetnam tərəfdaşlığı ölkəmizin beynəlxalq əməkdaşlıq coğrafiyasının genişlənməsinin və Asiya istiqamətində əlaqələrinin dərinləşməsinin mühüm nümunəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB