"Beynəlxalq birlikdə hər iki ölkə əməkdaşlığın, dostluğun, sülhün və əmin-amanlığın tərəfdarıdır" - ŞƏRH

"Beynəlxalq birlikdə hər iki ölkə əməkdaşlığın, dostluğun, sülhün və əmin-amanlığın tərəfdarıdır" - ŞƏRH

"Azərbaycan və Vyetnam məsafəcə bir-birindən uzaq olsalar da, artıq kifayət qədər yaxınlaşan, bir-biri ilə əlaqələr qurmaq istəyən ölkələrdir. Hər iki ölkə öz iqtisadiyyatını yenidən qurur, dünya birliyində özünə layiqli yer tutmağa çalışır". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın, Şərq dünyasının bu gün diqqət mərkəzində olan ölkələrindən biridir:

"Vyetnam Cənub-Şərqi Asiyanın aparıcı ölkələrindən biridir. Onun Çinlə, Taylandla, İndoneziya, Malayziya və Sinqapurla yaxınlığı artıq coğrafi qonşuluqdan daha çox iqtisadi tərəfdaşlığa çevrilir. Beynəlxalq birlikdə hər iki ölkə əməkdaşlığın, dostluğun, sülhün və əmin-amanlığın tərəfdarıdır.

Bu baxımdan bizi birləşdirən cəhətlər çoxdur. Cənab Prezidentimizin Vyetnama səfəri iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın yeni sahələrinin tapılmasına, hətta üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsi məsələlərinin müzakirəsinə imkan yarada bilər.

Azərbaycanın neft-qaz emalının dünya bazarına çıxarılması və energetika sahəsində böyük təcrübəsi vardır. Qeyri-sərvətlərin istifadəsində də Azərbaycanın bu gün milli maraqlara cavab verən böyük nümunəsi dünyanın diqqətindədir.

Bütün bu məsələlər Vyetnamla birlikdə müzakirə edilə bilər. Həmçinin mədəniyyət, incəsənət və təhsil sahələrində də birgə fəaliyyətimiz, ayrı-ayrı qruplar arasında qarşılıqlı səfərlərin təşkili müzakirə edilə biləcək mövzulardır.

Cənab Prezidentimizin Vyetnamda böyük hörmətlə qarşılanması onun və Azərbaycanın Vyetnamda böyük nüfuza malik olduğunu, Vyetnamın Azərbaycanla münasibətlərə böyük diqqət yetirdiyini bir daha göstərir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə