Azərbaycanla Vyetnam Sosialist Respublikası ilə əlaqələr yüksələn xətlə inkişaf edir - RƏY

Azərbaycanla Vyetnam Sosialist Respublikası ilə əlaqələr yüksələn xətlə inkişaf edir - RƏY

“Azərbaycanla Vyetnam Sosialist Respublikası ilə əlaqələr yüksələn xətlə inkişaf edir. Tarixi köklər üzərində qurulan münasibətlər müasir dövrdə yüksəksəviyyəli siyasi dialoqla yeni dinamika qazanıb. Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri qarşılıqlı münasibətləri daha da gücləndirəcək”.

Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Samir Vəliyev deyib.


Deputat xatırladıb ki, Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət, Vyetnamın Prezidenti Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana rəsmi səfərləri ikitərəfli əlaqələrin institusional əsaslarını möhkəmləndirib. Bu xəttin məntiqi davamı kimi 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, hazırda həm də Vyetnam Sosialist Respublikasının Prezidenti olan To Lamın Azərbaycana dövlət səfəri, səfər çərçivəsində “Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi Bakı-Hanoy münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxarıb. Bu sənəd təkcə ikitərəfli əlaqələri deyil, həm də Azərbaycanın Cənub-Şərqi Asiyada, Vyetnamın isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əməkdaşlıq imkanlarını genişləndirir.

Millət vəkilinin sözlərinə görə, indiyədək iki ölkə arasında 30-dan çox sənəd imzalanıb. Energetika, nəqliyyat və investisiyalardan tutmuş müdafiə, elm və təhsilə qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq İqtisadi, ticari, elmi, texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, XİN-lərarası siyasi məsləhətləşmələr və parlamentlərarası dostluq qrupları vasitəsilə dəstəklənir. Hakim partiyalar – Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında 2013-cü il Anlaşma Memorandumu və 2023-cü il Əməkdaşlıq Sazişi əsasında qarşılıqlı səfərlər təşkil olunur.

“Siyasi dialoqun növbəti mühüm mərhələsi kimi noyabrın 19-da Prezident İlham Əliyevin Vyetnama rəsmi səfər etməsi ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr verəcək. Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün münbit zəmin yaradıb. 2025-ci ilin yekunlarına görə, 150 milyon ABŞ dollarından çox təşkil edən ticarət dövriyyəsi mövcud potensialın yalnız başlanğıcı kimi dəyərləndirilir. İqtisadi tərəfdaşlığın əsas dayaqlarını sənaye, xidmət, energetika, yaşıl enerji və tranzit-logistika istiqamətləri təşkil edir” – deyən Samir Vəliyev əlavə edib ki, Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib. Dövlət başçısı bəyan edib ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək. Ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında - bir sözlə, demək olar ki, bütün aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir.

“İki ölkə arasında humanitar, o cümləədən təhsil sahəsində də əməkdaşlığın perspektivləri mövcuddur. Bu baxımdan, Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bütün bunlar göstərir ki, Azərbaycanla Vyetnam arasında münasibətlərin böyük perspektivi var” – deyə, Samir Vəliyev vurğulayıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə