"Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq artıq real müstəvidə formalaşır" - ŞƏRH EDİLDİ

"Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq artıq real müstəvidə formalaşır" - ŞƏRH EDİLDİ

"Azərbaycan və Ermənistan arasında münasibətlərin hazırkı mərhələsi sülh prosesinin real əməkdaşlıq mexanizmlərinə çevrilməsinin vacibliyini ortaya qoyur. Xüsusilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən birbaşa görüşlər bu baxımdan mühüm siyasi əhəmiyyət daşıyır. Liderlər arasında dialoqun davam etdirilməsi tərəflərə fikir ayrılıqlarını vasitəçilərsiz müzakirə etmək, qarşılıqlı gözləntiləri aydınlaşdırmaq və sülh gündəliyinin icrasına dair konkret qərarlar qəbul etmək imkanı yaradır".

Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, son olaraq Dublində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilən son görüş də bu baxımdan diqqətəlayiqdir. Bilirik ki, həmin görüşdə tərəflər nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirlərini müzakirə ediblər. TRIPP layihəsinin dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması, Azərbaycanın ərazisindən Ermənistana yük daşımalarının həyata keçirilməsi, elektrik şəbəkələrinin gələcəkdə əlaqələndirilməsi kimi məsələlər siyasi razılaşmaların praktiki nəticələrə çevrilməsi istiqamətində mühüm addımlardır. Xüsusilə 2025-ci ilin noyabrından etibarən Azərbaycan ərazisindən Ermənistana 105 min ton yükün daşınması iqtisadi əməkdaşlığın artıq real müstəvidə formalaşmağa başladığını göstərir:

"Etimad mühitinin möhkəmləndirilməsi üçün ilk növbədə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlər ardıcıl davam etdirilməlidir. Sərhəd bölgələrində təhlükəsizlik mexanizmlərinin yaradılması, insidentlərin qarşısının alınması və hərbi sahədə qarşılıqlı etimad tədbirlərinin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması da xalqlar arasında qarşılıqlı anlaşmanın formalaşmasına töhfə verə bilər.

Digər mühüm istiqamət iqtisadi münasibətlərin yaradılmasıdır. Ticarət əlaqələrinin genişlənməsi, enerji əməkdaşlığı, nəqliyyat marşrutlarının açılması tərəflər üçün sülhün iqtisadi üstünlüklərini daha aydın göstərə bilər. Eyni zamanda, transsərhəd çayların idarə olunması və ekoloji problemlərin birgə həlli kimi sahələrdə əməkdaşlıq siyasi dialoqun daha geniş məzmun qazanmasına şərait yaradır.

Lakin bütün bu proseslərin davamlılığı üçün əsas şərt əldə olunmuş razılaşmalara sadiqlik, qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət, eləcə də tərəflərin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməsidir. Xüsusilə paraflanmış sülh müqaviləsinin imzalanması və ratifikasiyası istiqamətində qalan məsələlərin həlli vacibdir. Başqa sözlə ən vacib məsələ Ermənistan Konstitusiyasında Azərbaycan qarşı ərazi iddialarından imtinadır və Ermənistanın da ilk öncə bu istiqamətdə konkret praktik addımlar atması lazımdır.

Beləliklə, İlham Əliyev və Nikol Paşinyan arasında birbaşa dialoq sülh gündəliyinin irəliləməsi üçün siyasi imkanlar yaradır. Lakin davamlı sülhün təmin olunması liderlərin görüşlərindən daha çox, həmin görüşlərdə əldə edilən razılaşmaların ardıcıl icrasından, real iqtisadi əməkdaşlıqdan və qarşılıqlı etimadın möhkəmləndirilməsindən asılı olacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə