"Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır" - BƏHRUZ QULİYEV
"Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan siyasi tarixində yeni mərhələnin başlanğıcı, dövlətçilik düşüncəsinin və milli siyasi təşkilatlanmanın formalaşmasında mühüm hadisələrdən biridir. Bu hadisəyə yalnız bir siyasi partiyanın təsis olunması kimi yanaşmaq düzgün olmazdı. Çünki YAP-ın meydana gəlməsi Azərbaycanın müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi, ölkədə siyasi qeyri-sabitliyin hökm sürdüyü, dövlətçiliyin qorunmasının əsas məsələyə çevrildiyi mürəkkəb tarixi şəraitlə bağlı idi".
Bunu SİA-ya açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Siyasi ekspertin sözlərinə görə, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaranması xalqın siyasi iradəsinin, ziyalıların dövlətçilik narahatlığının və Ulu Öndər Heydər Əliyevin rəhbərliyinə olan ictimai ehtiyacın ifadəsi idi. Burada xüsusi diqqət çəkən məqamlardan biri odur ki, YAP başlanğıcda müxalifət partiyası kimi siyasi meydana çıxsa da, elə ilk gündən öz fəaliyyət fəlsəfəsi ilə fərqli bir siyasi təşkilatlanma modeli ortaya qoydu. Bu modelin əsas mahiyyəti hakimiyyət uğrunda mübarizəni şəxsi və ya qrup maraqları üzərində deyil, xalqa, dövlətə, milli maraqlara xidmət prinsipi üzərində qurmaq idi:
"Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının ilk illərdə formalaşdırdığı bu siyasi davranış modeli onun sonrakı inkişaf yolunu da müəyyənləşdirdi. Partiya müxalifətdə olduğu dövrdə belə özünü dövlətçilik məsuliyyəti daşıyan siyasi qüvvə kimi təqdim edirdi. Sonrakı mərhələdə iqtidar partiyasına çevrilməsi, geniş təşkilatlanması, siyasi və ictimai dayaqlarını möhkəmləndirməsi də həmin ideoloji və təşkilati xəttin davamı idi.
Bu məqamda mənim üçün xüsusi əhəmiyyət daşıyan başqa bir tarixi faktı da vurğulamaq istərdim. Yeni Azərbaycan Partiyasının yaranması prosesində “Səs” qəzetinin müstəsna tarixi rolu olub. Əslində, YAP-ın siyasi tarixinin başlanğıcında “Səs” qəzetinin də özünəməxsus imzası və missiyası dayanır.
Məhz 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının Ulu Öndər Heydər Əliyevə ünvanladığı, tarixə “91-lərin müraciəti” kimi düşən “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciət “Səs” qəzetində dərc olunub. Ulu Öndərin oktyabrın 24-də həmin müraciətə verdiyi tarixi cavab da yenə “Səs” qəzetinin səhifələrində işıqlandırılıb. Beləliklə, “Səs” qəzeti sadəcə bu tarixi hadisənin informasiya daşıyıcısı deyil, YAP-ın yaranmasına aparan ictimai-siyasi prosesin mühüm platformalarından biri olub.
Bu fakt həm də “Səs” qəzetinin Azərbaycan siyasi tarixindəki yerini və missiyasını müəyyənləşdirir. Bizim üçün bu, böyük tarixi məsuliyyətdir. Çünki qəzetimizin səhifələrində dərc olunan həmin müraciət və cavab Azərbaycan siyasi həyatında yeni bir mərhələnin başlanmasına xidmət edən tarixi sənədlərə çevrilib. Bu baxımdan, “Səs” qəzetinin Azərbaycan siyasi elitasında qazandığı nüfuzun mühüm tarixi əsaslarından biri də məhz həmin hadisələrlə bağlıdır.
YAP-ın sonrakı inkişaf mərhələsinə gəldikdə isə, 1993-cü ildən etibarən partiya hakimiyyət partiyası kimi dövlət idarəçiliyində aparıcı siyasi qüvvəyə çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət institutlarının möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi, iqtisadi islahatların həyata keçirilməsi və Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin gücləndirilməsi istiqamətində mühüm proseslər başlandı. Sonrakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın siyasi və təşkilati fəaliyyəti yeni mərhələyə qədəm qoydu.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, ərazi bütövlüyünün bərpası və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra ölkənin suverenliyinin bütün ərazilərində bərqərar olması Azərbaycan dövlətçiliyinin yeni mərhələsini formalaşdırdı. Bu hadisələr YAP-ın siyasi tarixində də yeni bir mərhələ kimi xarakterizə olunur. Partiyanın fəaliyyət dövründə Azərbaycanın qalib dövlət statusuna yüksəlməsi, əlbəttə, müasir siyasi tariximizin ən mühüm hadisələrindəndir.
Mənim qənaətimcə, YAP-ın 34 illik inkişaf yolunun əsas xüsusiyyətlərindən biri onun təşkilati strukturunun genişlənməsi ilə yanaşı, ölkənin siyasi, iqtisadi və sosial həyatında baş verən dəyişikliklərə uyğunlaşmasıdır. Bu gün partiyanın fəaliyyətini qiymətləndirərkən onun qarşısında duran əsas vəzifələrdən biri də yeni dövrün çağırışlarına cavab vermək, gənc nəslin siyasi proseslərdə iştirakını genişləndirmək, cəmiyyətlə dialoqu gücləndirmək və dövlətçilik ənənələrinin davamlılığını təmin etməkdir.
Yekun olaraq qeyd edim ki, Yeni Azərbaycan Partiyasının yaranması, inkişafı və keçdiyi tarixi yol Azərbaycan dövlətçiliyinin müasir tarixinin mühüm səhifələrindən biridir. “Səs” qəzetinin də bu tarixin başlanğıcında iştirak etməsi bizim üçün həm qürur, həm də böyük məsuliyyətdir. Çünki “Səs” həmin müraciətin dərc olunduğu, Ulu Öndərin tarixi cavabının xalqa çatdırıldığı mətbuat orqanı kimi öz missiyasını yerinə yetirib. Bu gün də bizim əsas prinsipimiz dövlətçilik maraqlarına, milli dəyərlərə və cəmiyyətin inkişafına xidmət edən obyektiv, məsuliyyətli jurnalistikadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB