İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, peşə risklərinin idarə edilməsi və əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması əmək siyasətinin əsas istiqamətlərindəndir. Qarşıdakı dövrdə risklərin və mümkün pozuntuların əvvəlcədən müəyyənləşdirilməsi, eləcə də onların aradan qaldırılmasına yönəlmiş proaktiv yanaşmanın tətbiqi nəzərdə tutulur.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq Sosial Təminat Assosiasiyasının prinsiplərinə uyğun olaraq, iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması və peşə risklərinin idarə edilməsi xüsusi əhəmiyyət daşıyır. Əsas hədəflərdən biri iş yerlərində qəza və qanun pozuntularının baş verməzdən əvvəl qarşısının alınmasıdır.
Onun sözlərinə görə, növbəti mərhələdə həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, məşğulluq proqramlarının genişləndirilməsi və sosial müdafiə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılacaq.
Anar Əliyev qeyd edib ki, dövlət qurumları və sosial tərəfdaşların birgə fəaliyyəti əmək münasibətlərinin inkişafına, vətəndaşların rifahının yüksəldilməsinə və dayanıqlı iqtisadi inkişafa töhfə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB