Uşaqları telefonla sakitləşdirməyin nitq və inkişaf baxımından riskləri nələrdir? - PSİXOLOQ AÇIQLADI
"Uşaq ağlayarkən valideynin ona telefon verməsi ilk olaraq onun emosional gərginliyini və valideyni yoran bir tərəfini dərhal susdurmağa çalışması ilə bağlıdır. Müraciət edənlərin içərisində istər qaynana, istər qızın öz anası, istərsə də həyat yoldaşı tez-tez "Mən uşağım ağlayanda telefonu vermə, amma bundan ol, sakit de" deyirlər. Çünki həmin anda emosional bir gərginlik yarandığı zaman ana aciz qalır – istər ilk övladı olsun, istərsə də qorxuya və həyəcana düşsün – dərhal onu sakitləşdirməyə çalışır".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, uşaq ağlayarkən nəsə baş verəcəyi düşüncəsində alternativ yolları fikirləşə bilmədiyindən, valideyn öz düşüncəsində fəal ola bilmədiyi və maraqlı tərəflər tapa bilmədiyi halda, təbii olaraq ilk öncə bəsit formanı seçir:
"Bəli, bir uşağa telefon vermək o ananın bəsit düşüncə sahibi olmasına gətirib çıxarır. Əslində, emosional tənzimləməni öyrətmək üçün uşaq öz səbrini idarə etməyi öyrənməlidir, lakin bu halda diqqəti dərhal telefona yönəldilir. Daha sonra uşaq bu durumdan manipulyasiya üçün istifadə edərək "Ayağımı yerə döyəcəyəm, ağlayacağam" deyir. Çünki uşaqlar instinktiv olaraq – hətta ana bətnindən sonrakı ilkin çağalıq dövründə belə – ananın ayağı büdrədiyi zaman onun simasındakı qorxu ifadəsini hiss edirlər. Həmin o qorxu ifadəsi uşağın instinktini göstərir.
Uşaq həmin anda valideynin səbir çatmazlığını hiss edir və valideyn emosiyasına vaxt ayırmaq əvəzinə dərhal onu hər hansı bir texnologiya ilə əvəz etməyə çalışır.
Bunun nəticəsində biz uşağın davranışındakı mümkün psixoloji təsirləri açıq şəkildə sezə bilirik. Bunlardan biri gələcək frustrasiyanın (dözümlülüyün və gözləmə mövqeyinin) zəifləməsidir.
Frustrasiya dözümlülük və gözləmək deməkdir. Uşaq gözləməyi bacarmadığı hallarda, valideyn özü bilmədən övladında gələcəkdə üzə çıxacaq bir tələşkənlik və dözülməzlik formalaşdırır. Bu hallar zaman keçdikcə 0-2 yaş, 2-4 yaş və 4-6 yaş aralığında müxtəlif davranış pozuntularına gətirib çıxarır. Həmin davranış pozuntularından isə gələcəkdə məktəbdə müəllimlər, ibtidai sinif müəllimləri və bağça müəllimləri əziyyət çəkirlər.
Pedaqoji və psixoloji baxımdan valideynin etməli olduğu əsas addımlar uşağa ağlayanda telefon deyil, emosional dəstək verməkdir: uşağa səbir və anlayışla yanaşmaq, onunla ünsiyyət quraraq sakitləşdirməyə çalışmaq, səbəbini dinləmək və öz emosiyalarını tanımağına icazə vermək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB