Dilarə xanım: Mərkəzi Gömrük Hospitalında Menopauza Mərkəzinin təşkilinə həsr olunmuş görüş keçirilib.

Dilarə xanım: Mərkəzi Gömrük Hospitalında Menopauza Mərkəzinin təşkilinə həsr olunmuş görüş keçirilib.

17 noyabr 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında Menopauza Mərkəzinin təşkilinə və gələcək fəaliyyətinin əsas istiqamətlərinə həsr olunmuş görüş keçirilib.
Tədbirin açılışında çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d. İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Bəxtiyar Musayev qadın sağlamlığının qorunması, menopauza dövründə göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və bu istiqamətdə ixtisaslaşmış mərkəzin yaradılmasının zəruriliyini qeyd ediblər. Onlar bu mərkəzin fəaliyyətinin pasiyentlərə kompleks, multidissiplinar və yüksək keyfiyyətli tibbi dəstəyin göstərilməsi, eləcə də tibb heyətinin peşəkar yanaşmalarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Tədbir çərçivəsində Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova rəsmi tərəfdaş Florence Nightingale Xəstəxanalar qrupuna səfərin yekunları, həmçinin Menopauza Mərkəzinin yaradılması və fəaliyyəti üzrə beynəlxalq təcrübə barədə təqdimatla çıxış edib. O, səfər zamanı öyrənilən müasir yanaşmaların və xarici təcrübənin yerli praktikada tətbiqi imkanlarını iştirakçıların diqqətinə çatdırıb.
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova isə Menopauza Mərkəzinin klinik fəaliyyətinə dair yenidən işlənmiş və təkmilləşdirilmiş metodik tövsiyələri təqdim edərək, mərkəzdə tibbi xidmətin təşkili və klinik yanaşmaların əsas istiqamətlərini diqqətə çatdırıb. Məruzədə kliniki protokolların təkmilləşdirilməsi, pasiyentlərin müayinə və müalicə prosesində tətbiq olunacaq yeni yanaşmalar ətraflı izah olunub.
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı da tədbirdə məruzə ilə çıxış edərək, Menopauza Mərkəzin gündəlik fəaliyyətində istifadə olunacaq sənəd formaları, o cümlədən xəstə qeydiyyatı və digər zəruri sənədləşmə materialları haqqında məlumat verib. O, sənədləşmə prosesinin vahid standartlara uyğunlaşdırılmasının idarəetmə səmərəliliyinə təsirini vurğulayıb.
Daha sonra Mərkəzi Gömrük Hospitalının həkim-rezidenti Güllüxanım Rəhimova Menopauza Mərkəzində istifadə olunacaq farmakoloji preparatlar və onların tətbiqi qaydaları barədə ətraflı məlumat verib. Məruzədə dərman vasitələrinin seçimi, təyinat qaydaları və onların xüsusiyyətləri diqqətə çatdırılıb.
Mərkəzi Gömrük Hospitalının aidiyyatı şöbələrinin həkim və rezidentlərinin iştirak etdiyi görüş zamanı təqdim olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb, Menopauza Mərkəzinin fəaliyyətinin səmərəli təşkili, pasiyentlərə göstəriləcək tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir beynəlxalq yanaşmaların tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında Menopauza Mərkəzinin fəaliyyətə başlaması qadın sağlamlığının qorunması, menopauza dövründə yaranan fizioloji və klinik dəyişikliklərin vaxtında qiymətləndirilməsi, eləcə də qadınlara fərdi və kompleks tibbi xidmətlərin göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə