“Kiberhücumların arxasında vahid mərkəzin dayanması hələ təsdiqlənməyib“

“Kiberhücumların arxasında vahid mərkəzin dayanması hələ təsdiqlənməyib“

“Azərbaycana qarşı son dövrlərdə müşahidə olunan kiberhücumların arxasında kimin dayandığı məsələsinə birmənalı cavab vermək hələlik mümkün deyil. Çünki bu hücumların hamısının eyni mərkəzdən idarə olunduğunu təsdiqləyən faktlar yoxdur. Bununla belə, ayrı-ayrı insidentlərdə siyasi və geosiyasi motivlərin olması ehtimalı ciddi araşdırılmalıdır”.

Bu fikirləri rəqəmsal texnologiyalar və sosial media üzrə mütəxəssis İntiqam Əhmədov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, ən son hadisələrdən biri noyabrın 15-də Prezident İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və bir sıra tanınmış şəxslərin, dövlət qurumlarının və beynəlxalq şirkətlərin köhnə sosial şəbəkə paylaşımlarında yerləşdirilmiş keçidlərin dəyişdirilməsi ilə bağlıdır:

” Sonradan məlum oldu ki, bu insident “Bitly” link qısaltma xidmətindəki təhlükəsizlik problemi ilə əlaqəlidir. Yəni söhbət bütün hallarda sosial şəbəkə hesablarının ələ keçirilməsindən deyil, köhnə keçidlərin başqa ünvanlara yönləndirilməsindən gedir. “McDonald's” və “Burger King” kimi şirkətlərin də oxşar hədəfə çevrilməsi göstərir ki, bu, yalnız Azərbaycana qarşı yönəlmiş ayrıca əməliyyat olmayıb.

Digər tərəfdən, oktyabrın 13-dən etibarən Azərbaycanın dövlət informasiya infrastrukturuna qarşı həyata keçirilən genişmiqyaslı hücumlar da diqqət çəkir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, 100-dən çox dövlət domeni hücumlara məruz qalıb. Bu hücumlarla bağlı “313 Team” adlı haker qrupu məsuliyyəti üzərinə götürüb. Qrupun İranla əlaqəli olduğu bildirilir. Bu məqam İran istiqamətini də araşdırma predmetinə çevirir. Lakin qrupun öz bəyanatı onun İran dövləti tərəfindən idarə olunduğunu təsdiqləyən sübut hesab edilə bilməz.

Digər tərəfdən, Azərbaycanla bağlı baş verənləri regiondakı geosiyasi proseslərdən kənarda nəzərdən keçirmək olmaz. Azərbaycanın müstəqil xarici siyasəti, artan beynəlxalq mövqeyi və regionda həyata keçirdiyi layihələr müəyyən qüvvələrin maraqları ilə ziddiyyət təşkil edə bilər. Bu səbəbdən ölkəmizə qarşı kiberhücumların arxasında siyasi məqsədlər güdən qrupların və ayrı-ayrı dövlətlərin maraqlarına uyğun fəaliyyət göstərən strukturların olması ehtimalı istisna edilməməlidir.

Burada əsas hədəf yalnız dövlət resurslarına texniki zərər vurmaq deyil. Dövlət qurumlarının fəaliyyətinə müdaxilə, cəmiyyətdə çaşqınlıq yaratmaq, rəsmi mənbələrə etimadı zəiflətmək və Azərbaycanın beynəlxalq informasiya mühitində mövqeyinə təsir göstərmək də mümkün məqsədlər sırasındadır.

Ona görə də mən hesab edirəm ki, bu məsələ yalnız kibertəhlükəsizlik problemi deyil, həm də milli təhlükəsizlik və informasiya suverenliyi məsələsidir. Hücumların arxasında konkret qüvvələrin müəyyənləşdirilməsi müvafiq araşdırmalardan sonra bəlli olacaq.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə