“Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib” - CEYHUN BAYRAMOV
Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq və işgüzar dairələr arasında əlaqələr inkişaf edir. İki ölkə arasında indiyədək 80-dən çox sənəd imzalanıb, hüquqi bazanın genişləndirilməsi istiqamətində də razılaşmalar əldə olunub.
SİA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Almaniyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, 2023-cü ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin ilk doqquz ayında isə bu göstərici 1 milyard dolları ötüb.
Qeyd olunub ki, hazırda Azərbaycanda 280-dən çox Almaniya şirkəti fəaliyyət göstərir və onlardan 210-u aktiv işləyir. Almaniyanın Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 950 milyon dollara yaxındır. Azərbaycanın Almaniyaya yatırdığı investisiyalar isə 670 milyon dolları ötüb. Qarşılıqlı investisiyaların 55 faizi qeyri-neft sektorunun payına düşür.
Ceyhun Bayramov əlavə edib ki, Azərbaycan dövlət fondları tərəfindən Almaniyada fəaliyyət göstərən şirkətlərin qiymətli kağızlarına və müxtəlif birja fondlarına 1 milyard dollar, alman şirkətləri tərəfindən isə 1,8 milyard dollar həcmində investisiya yatırılıb.
Nazirin sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında iqtisadi dialoqun davam etdirilməsi məqsədilə yüksək səviyyəli iqtisadi şuranın iclası keçirilib. Həmin çərçivədə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə razılıq əldə olunub. Yaxın zamanda şuranın iclasının keçirilməsi nəzərdə tutulur.
Ceyhun Bayramov Azərbaycanla Almaniya arasında yaşıl enerji sahəsində əməkdaşlığın da inkişaf etdiyini vurğulayıb. O, 2026-cı ildən etibarən Azərbaycanın Almaniyaya qaz ixracının planlaşdırıldığını və bu istiqamətdə müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB