"Dublində keçirilən görüş sülh prosesində praktiki əməkdaşlığı ön plana çıxardı" - ŞƏRH EDİLDİ
"Prezident İlham Əliyev və Paşinyan arasında Dublində keçirilən görüş Cənubi Qafqazda sülh prosesinin növbəti mərhələsi baxımından diqqət çəkən hadisədir. Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutan görüş tərəflərin Vaşinqtonda əldə edilmiş razılaşmaların praktiki icrasına diqqət yetirdiyini göstərir. Xüsusilə nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticarət münasibətləri, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirlərinin müzakirəsi onu deməyə əsas verir ki, İrəvan sülh üçün artıq təkcə siyasi bəyanatlar vermək limitinin tükəndiyini və konkret nəticələrlə müşayiət olunan praktik addımların atılmasının vacibliyini dərk edir".
Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, görüşün diqqətçəkən istiqamətlərindən biri şübhəsiz ki, TRIPP layihəsinin müzakirəsi oldu:
"Bilirik ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar çərçivəsində gündəmə gələn bu layihə Azərbaycanın əsas ərazisini Naxçıvanla Ermənistan ərazisindən keçməklə birləşdirməyi nəzərdə tutur. Layihənin icrası dəmir yolu və avtomobil yolu infrastrukturu ilə yanaşı, gələcəkdə enerji və digər kommunikasiya xətlərinin inkişafı üçün də yeni imkanlar deməkdir. Bununla yanaşı, layihənin əhəmiyyəti yalnız Azərbaycanın iki hissəsi arasında birbaşa əlaqənin təmin olunması ilə də məhdudlaşmır. TRIPP bütövlükdə Xəzər hövzəsini Türkiyə və Avropa ilə birləşdirən Orta Dəhlizin imkanlarını genişləndirəcək bir layihədir.
Bu prosesdə artıq müəyyən praktiki irəliləyişlər müşahidə olunur. Dublində açıqlanan məlumatlardn görürük ki, 2025-ci ilin noyabrından etibarən Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb. Bundan başqa, elektrik şəbəkələrinin gələcəkdə birləşdirilməsi, sərhəd və transsərhəd çayların idarə olunması məsələləri də müzakirə edilib. Bunlar iqtisadi münasibətlərin formalaşdırılması və uzunmüddətli sülhün möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Bunları və müzakirə olunan məsələləri nəzərə alaraq deyə bilərik ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü sülh prosesində praktiki əməkdaşlığın ön plana keçdiyini göstərir. Lakin davamlı sülh üçün dialoqun intensivləşdirilməsi ilə yanaşı, sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiya layihələrinin reallaşdırılması da vacibdir. Başqa sözlə Ermənistanın üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq konkret addımlar atması lazımdır. TRIPP bu baxımdan yalnız nəqliyyat layihəsi deyil, Cənubi Qafqazın gələcək geosiyasi və iqtisadi mənzərəsini dəyişə biləcək strateji təşəbbüsdür. Bizim əsas məqsədimiz isə milli maraqları və suverenliyi qorumaqla regionda yeni əməkdaşlıq imkanlarının yaradılmasına nail olmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB